ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və təcavüzkar Rusiya arasında sülh danışıqlarının bərpası prosesi yaxın həftələrdə yeni impuls qazana bilər. Vaşinqton tərəflərin "qırmızı xətləri"ni yaxınlaşdırmaq üçün diplomatik səylərini artırır.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.

Dövlət katibi vurğulayıb ki, Vaşinqton önümüzdəki bir neçə həftə ərzində Ukraynada müharibəyə son qoymaq və sülhü yaxınlaşdırmaq üçün danışıqların bərpa olunma şanslarını aydınlaşdırmağa çalışacaq.

"Yaxın bir neçə həftə ərzində Rusiya və Ukrayna arasında danışıqları bərpa etmək və bu müharibəyə son qoymağın mümkünlüyünü öyrənməyə yönəlmiş müəyyən səylərin şahidi olacaqsınız", – deyə Rubio qeyd edib.

Bununla belə, Marko Rubio iki ölkə arasında hələ də çox kəskin "qırmızı xətlərin" mövcud olduğunu və ABŞ-nin bunu dəqiq başa düşdüyünü vurğulayıb: "Biz bu "qırmızı xətləri" bir-birinə bir qədər yaxınlaşdırmağa müvəffəq olmayana qədər arzulanan nəticəni əldə edə bilməyəcəyik".

“AzPolitika.info”