ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ ilə İran arasında Hörmüz boğazı məsələsində razılaşma əldə olunub və indi İranın nüvə proqramı üzrə razılaşma gözlənilir.
"AzPolitika"nın məlumatına görə, Tramp avqustun 2-də Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərlə söhbətində bu iddiaları səsləndirib.
Onun sözlərinə görə, ABŞ qismən Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının tələbi ilə İrana zərbə endirməkdən imtina edib.
“Onların bunu istəməsinin səbəbi, razılaşma olduğuna inanmalarıdır. Hörmüz boğazı ilə bağlı razılaşma var və sonra nüvə proqramı, yaxud mənim dediyim kimi, İranın nüvəsizləşdirilməsi ilə bağlı razılaşma var. Mən buna İranın nüvəsizləşdirilməsi deyirəm”, – deyə Tramp əlavə edib.
Daha əvvəl iyun ayında ABŞ və İran arasında Hörmüz boğazının açılması və 60 günlük atəşkəs/nüvə danışıqları üçün ilkin razılaşma imzalanmışdı. Lakin həmin razılaşma bir neçə həftə sonra pozulmuş, gərginlik yenidən artmışdı.
Avqustun əvvəlində Tramp yenidən genişmiqyaslı zərbə planlaşdırdığını bildirirdi, lakin region ölkələrinin (xüsusən Körfəz dövlətlərinin) təkidi ilə hücumu dayandırıb. O, Hörmüz boğazının tam açılması və İranın nüvə proqramının dayandırılması (nüvəsizləşdirmə) şərtləri ilə razılığa gəlinəcəyinə ümid etdiyini qeyd edib.
İran tərəfi isə bəzi açıqlamalara “yalan” kimi cavab verib və rəsmi razılaşma barədə təsdiqləyici bəyanat verməyib. Danışıqların nəticəsi hələ dəqiq bilinmir və tərəflər arasında mövqelər fərqli qalmaqdadır.

Şərhlər