İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bu gün keçirdiyi brifinqdə ölkəsinin hazırda Birləşmiş Ştatlarla heç bir danışıqlar aparmadığını bəyan edib. O, yalnız Oman vasitəsilə Hörmüz boğazında müvəqqəti təhlükəsiz keçid koridorunun yaradılması mövzusunda müzakirələrin getdiyini bildirib.

"AzPolitika" xəbər verir ki, Bəqayi Vaşinqtonla birbaşa və ya dolayısı ilə təmasların olması barədə yayılan xəbərləri tamamilə rədd edib.

"Hazırda ABŞ-dən hər hansı nümayəndə heyətini qəbul etmək və ya Birləşmiş Ştatlara İran nümayəndə heyəti göndərmək kimi bir planımız yoxdur", — deyə XİN rəsmisi vurğulayıb.

İranlı diplomat əlavə edib ki, ABŞ-nin "təcavüzkar siyasi xətti" davam etdiyi müddətdə mövcud vəziyyət dəyişməz qalacaq. O, həmçinin xəbərdarlıq edib ki, Hörmüz boğazının yenidən tam açılması üçün təkcə Ummanla razılaşmanın əldə olunması kifayət deyil.

Qeyd edək ki, İsmayıl Bəqai dövlət telekanalına açıqlamasında 3 ölkənin İrana qarşı döyüşməkdən imtina etdiyini bəyan edib: Bolqarıstan, Böyük Britaniya və Ukrayna İrana qarşı müharibədə iştirak etməyəcəklərini bəyan ediblər”.

İranlı diplomat vurğulayıb ki, son 24 saat ərzində sözügedən ölkələrdən çoxlu zənglər daxil olub: “Son 24 saat ərzində Böyük Britaniya, Bolqarıstan və Ukraynadan çoxlu zənglər daxil olub və söhbət onların İrana qarşı müharibədə iştirak etməyəcəklərindən gedirdi”.

Baqai həmçinin bəyan edib ki, Hörmüz boğazı heç bir halda müharibədən əvvəlki vəziyyətinə qaytarılmayacaq: “İran və Oman yeni təhlükəsiz dəniz marşrutu ilə bağlı danışıqlar aparır və bu proses aprelin 8-də atəşkəs elan olunduqdan dərhal sonra başlayıb. Razılaşdırılmış marşrut hər iki ölkənin qarşılıqlı razılığı ilə müəyyən ediləcək yeni bir koridor olacaq. Biz Hörmüz boğazının təcavüzkar tərəflər tərəfindən bizə qarşı istifadə olunmayacağına əmin olmalıyıq. Bunun üçün İranın suveren hüquqlarını tam təmin edəcək mexanizm qəbul edilməlidir”.

Xatırladaq ki, bundan bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-İran danışıqlarının günortadan sonra keçiriləcəyini bəyan etmiş, lakin görüşün harada və kimlərin iştirakı ilə baş tutacağı barədə təfərrüat verməmişdi.

İranla razılaşmanın əldə olunması üçün hər hansı vaxt məhdudiyyətinin (son müddətin) olub-olmaması ilə bağlı sualdan yayınan Tramp bildirmişdi: "Mən saziş bağlamağa üstünlük verirəm. İnsanları öldürmək istəmirəm, çünki insanlar ölür - böyük sayda insan həyatını itirir və biz bunu istəmirik".

Rasim

“AzPolitika.info”