Ukrayna Ordusunun Rusiyanın ən böyük onlayn satış platformalarından biri olan "Wildberries"in nəhəng loqistika mərkəzlərinə endirdiyi PUA zərbələri Rusiya biznesinə ağır zərbə vurub. İlkin hesablamalara görə, platformada satış edən yüz minlərlə sahibkarın dəymiş zərərə görə itkiləri 280 milyard rublu (təxminən 3,2 milyard dollar) keçə bilər.

"AzPolitika" xəbər verir ki, bu barədə "Data Insight" tədqiqat agentliyinin aparıcı analitiki Sergey Semko "Forbes" nəşrinə açıqlamasında bildirib.

Analitikin sözlərinə görə, təkcə Avqustun 3-ü səhər saatlarında Vladimir vilayətindəki loqistika mərkəzinə hücum nəzərə alınmadan, 893 minlə 1,15 milyon kvadratmetr arasında anbar ərazisi zədələnib və ya tamamilə məhv edilib. Bu isə "Wildberries"in ümumi anbar tutumunun (5,2 milyon kv.m) 17,2% – 22,2%-i deməkdir.

"Agentstvo" nəşrinin araşdırmasına görə, Vladimir vilayətindəki obyekt şirkətin ən böyük 15 loqistika mərkəzi arasında zərbəyə məruz qalan 12-ci obyektdir. Bunlardan 9-u ağır zədələnib və bəziləri fəaliyyətini tam dayandırıb. Zərər görmüş infrastrukturların bərpası üçün ən azı 80 milyard rubl investisiya tələb olunur.

"SellerDen" platformasının baş direktoru Denis Vetrennikov bildirir ki, PUA zərbələri nəticəsində zərər çəkən sahibkarların sayı yüz minlərlə ölçülür. Zərərçəkən iş adamları mallarının yandığını və şirkətin onlara heç bir kompensasiya ödəmədiyini bildirirlər. Sahibkarların əsas narazılıqları aşağıdakılardır:

Hücumlardan öncə və ya sonra şirkət satıcılara öz mallarını təhlükəsiz anbarlardan təxliyə etməyə imkan yaratmayıb.

"Wildberries" Ukraynanın PUA hücumlarından cəmi 10 gün əvvəl istifadəçi müqaviləsini dəyişərək, PUA hücumları nəticəsində dəyən zərərə görə məsuliyyət daşımadığını bənd kimi əlavə edib.

Şirkət anbarları dron hücumlarından sığortalamayıb.

"Wildberries"in təsisçisi Tatyana Kim satıcıların etirazlarına sərt reaksiya verərək şikayətçiləri "panikyor" adlandırıb. Kim bəyan edib ki, şirkət terror hücumları və hərbi əməliyyatlarla bağlı risklərə görə hüquqi məsuliyyət daşımır və PUA vurması sığorta halı hesab olunmur.

Buna baxmayaraq, Tatyana Kim İyulun 31-də platforma tərəfindən 100 minə yaxın kiçik və orta sahibkara iki mərhələdə müəyyən ödənişlərin edildiyini iddia edib. Lakin ödənilən məbləğlərin həcmi açıqlanmır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Kremlin "Wildberries" rəhbərliyi ilə təmasda olduğunu, lakin dövlət tərəfindən şirkətə hər hansı maliyyə yardımının ayrılması ilə bağlı hələlik heç bir qərarın verilmədiyini vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”