ABŞ hərbçilərindən İranı cəzalandırmaq üçün "yaradıcı və qeyri-ənənəvi" ideyalar təklif etmək xahiş olunub.

"AzPolitika" xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

"Bizə ideyalar lazımdır. İrana təzyiq göstərmək və onu cəzalandırmaq üçün yeni, yaradıcı və qeyri-ənənəvi yollar axtarırıq", — deyə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) kəşfiyyat bölməsinin zabiti çərşənbə günü geniş hərbi analitiklər qrupuna göndərdiyi mesajda bildirib.

Telekanalın məlumatına görə, məktub iyulun 29-da göndərilib.

İkinci mənbə də təsdiqləyib ki, yuxarı rütbəli amerikallı hərbi zabit keçən həftə İranla necə rəftar etmək barədə yeni ideyalar sorğulayan bu mesajı ünvanlayıb.

Qeyd olunur ki, CENTCOM və ABŞ kəşfiyyat xidmətləri son zamanlar həyata keçirilən bombardman kampaniyasının İranın danışıqlardakı mövqeyini dəyişəcəyinin az ehtimal olunduğu qənaətinə gəliblər.

"AzPolitika.info"