Belarus Ukrayna ilə sərhəd yaxınlığında yeni hava-desant hücum briqadası yaratmağa başlayıb.
“AzPolitika” xəbər verir ki, bunu Belarus Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aleksandr İlyukeviç Belarus Müdafiə Nazirliyinin televiziyasında deyib.
"Biz artıq hərbi hissələrin yaradılmasına başlamışıq; bir batalyon yaradılıb. Bu il biz başqa bir batalyon, döyüş dəstək bölmələri, artilleriya, zenit bölmələri və kəşfiyyat bölmələri yaradırıq", - deyə o bildirib.
İlyukeviç yeni briqadanın zabit korpusunun artıq işə götürüldüyünü və şəxsi heyətinin çağırıldığını bildirib. Briqada Ukrayna sərhədinin yaxınlığında yerləşən Qomel ərazisində yerləşdiriləcək.
Bundan bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna sərhədi boyunca yeni yollar, sursat və yanacaq anbarları da daxil olmaqla, Belarus hərbi infrastrukturunun tikintisinə diqqət çəkib. Zelenski qeyd edib ki, Kiyev artıq Minskə müvafiq siqnallar çatdırıb. O, həmçinin bildirib ki, təcavüz üçün istifadə edilə biləcək sərhəd infrastrukturunun inkişafı dayandırılmalı və gərginliyin azaldılması təşəbbüsləri Belarus tərəfindən gəlməlidir.
İyulun sonunda isə Belarus hakimiyyəti gözlənilmədən sərhəddə heç bir təhlükə əlamətinin olmadığını elan edib. Aleksandr Lukaşenkoya hesabat verən Belarus Müdafiə naziri Viktor Xrenin ölkə ətrafındakı hərbi-siyasi vəziyyətin sabit qaldığını və əsas gərginliyin yalnız informasiya məkanında müşahidə olunduğunu bildirib.
“AzPolitika.info”

Şərhlər