ABŞ TRIPP+ fondunun maliyyə resurslarını ikiqat artıraraq 201 milyon dollardan 402 milyon dollara çatdırıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Fond bu ilin əvvəlində, daha dəqiq yazsaq 26 yanvarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında Vaşinqton görüşündən iki həftə sonra yaradılıb. Bu görüşdən sonra diplomatlar tərəflərin Ermənistanın cənubundan keçən TRIPP marşrutu üçün infrastrukturun inkişafını və həyata keçirilməsini təmin etmək üçün TRIPP Development Company US yaradacağını bildirən sənəd dərc ediblər.

Səhmlərinin 26%-i Ermənistan Respublikasına, 74%-i isə ABŞ-a, daha dəqiq desək, Amerikanın Delaver ştatında yaradılacaq TRIPP Development Company US şirkətinə məxsus olacaq.

Yanvarın 26-da Delaverdə TRIPP+ Enterprise Fund yaradılıb. Onun direktoru ABŞ-dakı hazırkı Respublikaçı administrasiyasının və xüsusən də Trampın tərəfdarı olan iş adamı Konstantin Sokolovdur. Xatırladaq ki, Sokolov rəsmi olaraq Ermənistanın ən böyük mobil operatoru olan Viva Armenia QSC-nin 20%-lik payının sahibi hesab olunur.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu 30 yanvarda TRIPP+ fonduna 201 milyon dollarlıq qrant ayırıb. Məbləğ təxminən 11 il ərzində, 31 dekabr 2036-cı ilə qədər xərclənməlidir.

Qrantın məbləğinə 16 iyulda dəyişiklik edilib və ABŞ hökuməti TRIPP+ fonduna 402 milyon dollar qrant ayırmağı öhdəsinə götürüb. İcra müddəti eyni olaraq qalır. Məlumatlar göstərir ki, bütün məbləğ artıq TRIPP+ fonduna ayrılıb.

Eyni mənbəyə görə, bu vəsaitlərin işlənməsi üçün əsas yer Ermənistan olacaq.

Xatırladaq ki, Rusiyada doğulan Konstantin Sokolov 1997-ci ildə, 21 yaşında ABŞ-yə köçüb. O, fəaliyyətinə telekommunikasiya sektorunda başlayıb, daha sonra enerji, infrastruktur və maliyyə sahələrində böyük investisiya layihələrinin rəhbərlərindən birinə çevrilib.

E. Səlimov

AzPolitika.info