Rusiya Silahlı Qüvvələri avqustun 4-nə keçən gecə Ukraynanın müxtəlif vilayətlərinə raketa, aviasiya bombaları və PUA-larla kütləvi zərbələr endirib. Hücumlar nəticəsində mülki əhali arasında ölənlər və ağır yaralananlar var.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukraynanın vilayət hərbi administrasiyaları və Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Ən ağır itkilər Sumı şəhərində qeydə alınıb. Rusiya aviasiyası mülki infrastruktura 6 ədəd idarəolunan aviasiya bombası (KAB) atıb. Zərbələr nəticəsində yaşayış evləri və qeyri-yaşayış binaları dağılıb. Dağıntılar altından 5 və 10 yaşlı iki azyaşlı qızın, həmçinin yaşlı bir qadının meyiti çıxarılıb. Daha 4 nəfər xəsarət alaraq tibbi yardım üçün müraciət edib. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Nikolayev şəhərinə endirilən zərbələr nəticəsində 89 yaşlı qadın həlak olub, 7 nəfər xəsarət alıb. Yaralananlar arasında 2 və 12 yaşlı qız uşaqları da var. Hücum zamanı 2 fərdi ev tamamilə dağılıb, 7 ev və 3 çoxmərtəbəli bina isə zərər görüb.
Dnepropetrovsk vilayətinin Pavloqrad və Nikopol rayonlarında fərdi və çoxmərtəbəli evlərə ziyan dəyib, 2 nəfər xəsarət alıb. Odessanın Belqorod-Dnestrovski şəhərində isə fərdi yaşayış evinə düşən zərbə nəticəsində 2 sakin yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində Rusiya tərəfi 1 ədəd "İskander-M" balistik raketindən və 136 ədəd zərbə PUA-sından istifadə edib. Ukrayna HHM qüvvələri PUA-lardan 117-sini zərərsizləşdirməyə müvəffəq olub.
Rasim
"AzPolitika.info"

Şərhlər