ABŞ mümkün razılaşma çərçivəsində İrandan nüvə yanacağının utilizasiya edilməsini və ya başqa ölkələrdə yerləşən nüvə elektrik stansiyalarında istifadə olunmasını tələb edir.
"AzPolitika" xəbər verir ki, bu barədə "New York Times" qəzeti danışıqlarla tanış olan rəsmilərə istinadən məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp bazar günü İranla bağlı hücumların dayandırıldığını açıqlayıb. O, bunu Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı razılaşmaları nəzərdə tutan mümkün sülh sazişi fonunda bəyan edib.
"New York Times" yazır ki, sözügedən razılaşma İran və Oman arasında 60 gün ərzində Hörmüz boğazının açılması barədə razılığın əldə olunmasını nəzərdə tutur. Bu müddət ərzində ABŞ və İranın Tehranın uran ehtiyatlarının gələcəyi ilə bağlı danışıqları bərpa etməsi planlaşdırılır.
Nəşrin məlumatına görə, ABŞ İranın nüvə yanacağının silah istehsalında istifadəyə uyğunlaşdırılmasının qarşısını almaq üçün onun durulaşdırılmasını və daha sonra ABŞ-yə və ya həmin materialın nüvə elektrik stansiyalarında istifadə oluna biləcəyi başqa ölkəyə göndərilməsini tələb edir.
Bununla yanaşı, adı açıqlanmayan ABŞ rəsmiləri qəzetə bildiriblər ki, nüvə danışıqları yenidən başlasa belə, proses payıza qədər, hətta daha uzun müddət davam edə bilər.
Rəsmilərin bir qismi uran ehtiyatları ilə bağlı razılaşmanın əldə olunacağına şübhə ilə yanaşır. Onların fikrincə, ABŞ yalnız İranın bu material ehtiyatlarının 2025-ci ilin iyununda vurulan nüvə obyektlərinin dağıntıları altında qaldığını bəyan etməklə kifayətlənə bilər.
Qeyd edək ki, Donald Tramp iyunun 18-də gecə saatlarında İranla əldə olunan atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını açıqlayıb. Həmin tarixdən etibarən ABŞ ordusu İrana qarşı bir neçə zərbə endirib. Vaşinqton bu addımların Tehranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı fəaliyyətlərinə cavab olduğunu bildirib.
İran isə cavab olaraq Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Tehran həmçinin Vaşinqtonu atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
E. Səlimov
AzPolitika.info

Şərhlər