Ötən gecə Rusiyanın Tula vilayətindəki “Wildberries” logistika mərkəzinə PUA hücumu olub. 

“AzPolitika” xəbər verir ki, hücum nəticəsində baş verən böyük yanğınla bağlı sosial mediada görüntülər yayımlanıb.

Ukraynanın "Exilenova+" monitorinq kanalının məlumatına görə, bu logistika mərkəzi təxminən 194.500 kvadrat metr ərazini əhatə edir. O, 2022-ci ildə açılıb. Mərkəz Tula, Kaluqa, Oryol, Bryansk, Kursk, Lipetsk, Ryazan və Mərkəzi Rusiyanın digər bölgələrinə çatdırılmaları həyata keçirib.

Tula vilayətinin qubernatoru Dmitri Milyayev məlumatı təsdiqləyib və deyib ki, "dron “Wildberries” çeşidləmə mərkəzinin ərazisinə düşüb, sonradan yanğın baş verib". Onun sözlərinə görə, bir nəfər yaralanıb. Venevski rayonundakı iki yaşayış binası və Novomoskovsk və Uzlovski rayonlarındakı iki istehsal müəssisəsi də zərər görüb.

Şirkətin mətbuat xidməti də logistika müəssisəsində baş verən yanğını təsdiqləyib. Bildirilir ki, işçilər dərhal təxliyə edilib və yeni çatdırılmaların qəbulu dayandırılıb.

“AzPolitika.info”