Rusiya öz ordusunu “top əti” ilə təmin etməkdə çətinlik çəkdiyndən, artıq ən ağır cinayətlər törətmiş məhkumları da orduya cəlb etməyə başlayır.
Belə ki, Rusiya Prezidenti Vladimir Putin bir sıra ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin Müdafiə Nazirliyi ilə müqavilələr imzalamasına icazə verən qanun imzalayıb.
“AzPolitika” xəbər verir ki, bununla bağlı Səfərbərlik, hərbi vəziyyət və ya müharibə dövründə müqavilə əsasında hərbi xidmətə yazıla biləcək şəxslərin siyahısını dəqiqləşdirən sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib.
Qanuna əsasən, banditizm, cinayətkar təşkilatda iştirak, narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiyanın təşkili, nağd pul qaçaqmalçılığı, nüvə materiallarının qanunsuz istifadəsi, onların oğurlanması, silah, sursat və strateji əhəmiyyətli malların qaçaqmalçılığı və s. ilə bağlı cinayətlərdə məhkum edilmiş şəxslərə ordu ilə müqavilə bağlamağa rəsmən icazə verilir.
Dövlət Duması müvafiq qanun layihəsini 22 iyulda həm ikinci, həm də üçüncü oxunuşda dərhal təsdiqləmişdi. Sənəd bundan əvvəl hökumət tərəfindən parlamentin aşağı palatasına təqdim edilmişdi.
Təşəbbüsün müzakirəsi zamanı Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik demişdi ki, Rusiyada belə cinayətlər “həmişə qanla yuyulub" və bu cür insanlara “günahlarını yumaq imkanı” verilməlidir. O demişdi ki, onsuz da bu adamların çoxu hücum əməliyyatlarından qayıtmayacaq…
Müxtəlif hesablamalara görə, ilin birinci yarısında Rusiya ordusu ayda 30.000 ilə 34.000 arasında əsgər itirib, yeni müqaviləli əsgərlərin sayı isə ayda təxminən 27.000 nəfər olub. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, iyun ayının əvvəlinə qədər Rusiyanın müharibədəki ümumi itkiləri, o cümlədən ölənlər, ağır yaralananlar və itkin düşənlər təxminən 1,4 milyona çatıb. Bunlardan ən azı 450.000-i həlak olub.
“AzPolitika.info”

Şərhlər