Menu

GİZLİ BAKI GÖRÜŞÜNDƏN SONRA DAHA BİR CƏHD - Məxfi görüşdə nə müzakirə olunub? (Yenilənib)

05.08.2026, 23:01
GİZLİ BAKI GÖRÜŞÜNDƏN SONRA DAHA BİR CƏHD  - Məxfi görüşdə nə müzakirə olunub? (Yenilənib)

İyul ayında Böyük Britaniya, Fransa, Almaniya və Rusiyanın sabiq yüksək vəzifəli şəxsləri Ukrayna ilə bağlı sülh danışıqlarının mümkün şərtlərini müzakirə etmək üçün Vyanada görüş keçiriblər.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məsələ ilə tanış olan mənbələrə istinadla məlumat yayıb.

Mənbələr müzakirədə iştirak edən keçmiş Kreml rəsmilərinin adını çəkməkdən imtina ediblər. Lakin həmin şəxslərin daha əvvəl Bakıda keçirilən gizli görüşdə iştirak etmiş Rusiya təmsilçilərinin olduğu güman edilir. Avropa tərəfindən isə danışıqlarda keçmiş Britaniya Milli Təhlükəsizlik Müşaviri Tim Barrou, keçmiş Almaniya Dövlət Katibi Markus Ederer və təcrübəli fransız diplomatı Pyer Vimont iştirak edib.

Beynəlxalq münasibətlərdə hətta bir-birini düşmən hesab edən ölkələrdən olan keçmiş yüksək vəzifəli rəsmilərin, eləcə də beyin mərkəzləri təmsilçilərinin qeyri-rəsmi müzakirələr aparması ilk hal deyil. Bu cür görüşlərin iştirakçıları rəsmən öz hökumətlərindən asılı olmayaraq fəaliyyət göstərir. Bununla yanaşı, hökumətlərin bu görüşlərdən xəbəri var və orada mürəkkəb problemlərin mümkün həll yolları araşdırılır. Sonradan bu cür müzakirələrin nəticələri ilə bağlı ekspertlər öz fikirlərini hökumətə çatdırırlar.

“Bloomberg” mənbələrindən birinin məlumatına görə, Avstriya paytaxtı Vyanada keçirilən bu görüş İsveçrə beyin mərkəzi Humanitar Dialoqlar Mərkəzi (HD) tərəfindən təşkil edilib. Avropanı təmsil edən Ederer və Vimont bu mərkəzin müşahidə şurasında yer alırlar.

HD-dən “Bloomberg”ə bildiriblər ki, "münaqişələrin həllinə töhfə verə və insan əzablarını yüngülləşdirə biləcək dialoq təşəbbüslərini dəstəkləməyə həmişə hazırdırlar". Mərkəz qeyd edib ki, “adətən bu cür təşəbbüsləri qorumaq üçün çox gizli fəaliyyət göstərir, çünki onlar çox vaxt müstəqil şəkildə, heç bir rəsmi iştirak olmadan həyata keçirilir".

Bu arada "Die Zeit" qəzeti və ARD-nin "Kontraste" proqramı bu cür görüşlərlə bağlı araşdırmaları təqdim edib. Onların apardığı son araşdırmaya görə, Rusiya nümayəndələri ilə keçmiş alman siyasətçiləri arasında görüşlər bundan öncə dəfələrlə Bakıda keçirilib. Onların da bildirdiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev özü bunu təsdiqləyib.“Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə diqqətlə yanaşaraq, araşdırma aparmışıq”.

Bunu Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələri arasında görüşün keçirilməsi barədə suala cavabında deyib.

Dövlət başçısı bildirib ki, Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib: ““The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki tanınmış şəxs – biri xanım Merkelin Administrasiyasının rəhbəri cənab Pofalla və cənab Platzek Bakıya gəlib və iyulun 14-də geri qayıdıblar.

Eyni zamanda iyulun 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlib, biri iyulun 13-də, o biri isə iyulun 14-də Bakıdan ayrılıb. Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib.

Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”.

"Die Zeit"in məlumatına görə isə Almaniya təhlükəsizlik orqanları bu görüşləri Rusiyanın Almaniya siyasətinə təsir göstərmək üçün istifadə etdiyindən şübhələnir. Bu fikir digər Qərb kəşfiyyat orqanları tərəfindən də paylaşılır. “Die Zeit” öz mənbələrinə istinadla yazır ki, iyul ayında Vladimir Putinlə uzun müddət işləmiş Viktor Zubkov, İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev və Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun direktoru Aleksey Qromıko tərəfindən təmsil olunan Rusiya tərəfi, almanlara Ukraynada hərbi əməliyyatların dayandırılmasının yalnız Rusiyanın şərtləri ilə mümkün olduğunu bildiriblər.

Hər necə olsa, bu cür görüşlər Ukraynadakı müharibənin başa çatmasına töhfə verərsə, bunu yalnız müsbət qarşılamaq olar. Xatırladaq ki, bunu Azərbaycan Prezidenti də həmin məsələni şərh edərkən deyib: “İstənilən halda müharibə dərhal dayandırılmalıdır… Bizim məqsədimiz bundan ibarətdir ki, müharibə dayansın və bölgədə sülh təmin edilsin”.

C.Məmmədli

“AzPolitika.info”

****

Rusiya, Fransa, Böyük Britaniya və Almaniyanın keçmiş rəsmiləri iyul ayında Vyanada Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün mümkün şərtləri müzakirə etmək üçün görüş keçiriblər.

"AzPolitika" xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Görüşdə Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Tim Barrou, Almaniyanın keçmiş dövlət katibi Markus Ederer və fransız diplomat Pyer Vimon iştirak edib. 

Bloomberg-in mənbəsi keçmiş Rusiya rəsmisinin adını çəkməyib.

Agentliyin məlumatına görə, Almaniya, Fransa və Böyük Britaniya hazırda Ukrayna üzrə Rusiya ilə birbaşa danışıqların təşkili üzərində işləyirlər. Mənbələr qeyd ediblər ki, Britaniya hakimiyyəti bu təşəbbüsləri alqışlayır və Fransa bu əlaqələrdən xəbərdardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol