Azərbaycan ictimaiyyətində son vaxtlar özünü “beynəlxalq hüquq müdafiəçisi”, “xeyriyyəçi” və müxtəlif beynəlxalq qurumlarla əlaqəli şəxs kimi təqdim edən “David Seliverstov” adı ətrafında müzakirələr yaranıb. Bu əsnada Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri - Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadə cəmiyyətdə narahatlıq doğuran bu məsələ ilə bağlı redaksiyamızla əlaqə saxlayıblar.
Onlar həm cəmiyyətə, həm də hüquq-mühafizə orqanlarına müraciət hazırladıqlarını bildiriblər. Prezident tərəfindən "Şöhrət" ordeni, eləcə də Heydər Əliyevin 100 illiyi münasibətilə təsis olunmuş yubiley medalı ilə təltif edilmiş hüquq müdafiəçilərinin narahatlığına səbəb müxtəlif vətəndaşlardan daxil olan zənglər və müraciətlərdir. Onların sözlərinə görə vətəndaşlar müraciətlərində qeyd edirlər ki, Azərbaycan cəmiyyətində özünü yəhudi kimi təqdim edən və beynəlxalq yəhudi insan hüquqları təşkilatının təmsilçisi kimi qələmə verən “David Seliverstov” adlı şəxs fəaliyyət göstərir...
Vətəndaşlar onlara müraciətlərində bu adda şəxsin kimliyi, hansı statusla fəaliyyət göstərməsi və verdiyi vədlərlə bağlı narahatlıqlarını ifadə ediblər. İddialara görə, həmin şəxs müxtəlif insanlara problemlərinin həllində kömək edə biləcəyini bildirir, nüfuzlu şəxslərlə əlaqələrinin olduğunu vurğulayır və bu əlaqələr üzərindən etimad yaratmağa çalışır. Məhz bu müraciətlərdən sonra hüquq müdafiəçiləri onun fəaliyyəti və kimliyi ilə bağlı araşdırma aparmağa başlayıblar. Hüquq müdafiəçiləri açıqlamalarında qeyd edirlər ki, Azərbaycanda “David Seliverstov” adı ilə rəsmi qeydiyyatda olan şəxs sadəcə yoxdur. Onların təqdim etdiyi məlumatlara görə, bu adla çıxış edən şəxsin əslində Kazım Elşən oğlu Abbasovdur. Həmin şəxs 26 mart 1988-ci il tarixində Bakı şəhərində anadan olub. İddialara əsasən, onun müxtəlif dövrlərdə fərqli ad və təqdimatlarla ictimai fəaliyyət göstərdiyi bildirilir.
Hüquq müdafiəçiləri xüsusi olaraq vurğulayıblar ki, bu gün “beynəlxalq hüquq müdafiəçisi” kimi özünü cəımiyyətə sırayan əslində əvvəllər dəfələrlə məhkum olunmuş Kazım Elşən oğlu Abbasovdur. Təqdim olunan məlumatlara görə Kazım Elşən oğlu Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Sonradan məhkəmənin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kazım Abbasov barəsində həmçinin Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 310 - vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və 320.2-ci - saxta sənədlərdən bilə-bilə istifadə etmə maddələri cinayət işi başlanıb. Bu iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrumetmə və 3500 manat cərimə cəzasına məhkum olunub. Daha sonra, təqdim olunan məlumatlara əsasən, Kazım Abbasov 29 sentyabr 2014-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Bu iş üzrə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri - külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı elan olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri qeyd edirlər ki, 2022-ci ildən sonra azadlığa çıxan Kazım Abbasov özünü başqa bir imicdə təqdim etməyə başlayıb. “David Seliverstov” adı ilə çıxış etməklə özünü beynəlxalq insan hüquqları təşkilatlarından birinin nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi tanıtmaqdadır. Onun müxtəlif tədbirlərdə çıxış etdiyi, Azərbaycan-İsrail münasibətləri ilə bağlı fikirlər səsləndirdiyi və sosial şəbəkələrdə aktiv olduğu qeyd olunur. Kazım Abbasov – “David Seliverstov” Bakıda, Bəhruz Qasımov kücəsində ofisdən istifadə edir. Hüquq müdafiəçilərinin dediyinə görə ofisdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub, ofisə daxil olan şəxslərin telefonları əllərindən alınır, mühafizəçilər onların üstünü dəmiraxtaranla yoxlayırlar. Kazım Abbasov - “David Seliverstov”un ofisinə gələn şəxs gücləndirilmiş təhlükəsizlik tədbirlərindən sonra onun hüzuruna buraxılır. Həmin şəxs onun hüzurunda olduğu müddətdə daim mühafizəçilərin nəzarəti altında saxlanılır.
“David Seliverstov”un ofisində 2 vəkil saxladığı, müxtəlif şəxslərlə vəkillərin tərtib etdiyi sənədlər üzərindən müqavilələr bağladığı da məlumdur. “David Seliverstov” Bakıda mühafizə altında “Cadillac” brendinin flaqman yolsuzluq avtomobili hesab olunan “Cadillac Escalade” modelli, Az 77 AX 911 nömrə nişanlı avtomobildə hərəkət edir. Onun müxtəlif dövlət qurumlarında tanınmış şəxslərlə yaxın münasibətlərinin olduğunu nümayiş etdirdiyi də gələn məlumatlar sırasındadır. Hətta içkili halda ən müxtəlif yüksək vəzifəli şəxslərin ünvanına nalayiq sözlər işlətməsi, söyüşlər söydüyünü də hüquq müdafiəçiləri xüsusi qeyd edirlər. Bildirirlər ki, o, müxtəlif şəxslərə hədə-qorxu gəlməkdən də çəkinmir. Onun vəzifəli himayəçiləri barəsində Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunda məlumat olsa da, etika xatirinə hələ ki, həmin şəxslərin adları da açıqlanmır.
Hazırda əsas sual ondan ibarətdir ki, özünü beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən bu şəxsin real fəaliyyəti, hüquqi statusu və təmsil etdiyi qurumlar hansılardır? Əgər bir şəxs həqiqətən beynəlxalq hüquq müdafiəçisi kimi fəaliyyət göstərirsə, onun təmsil etdiyi təşkilatların rəsmi qeydiyyatı, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri açıq olmalıdır. Digər tərəfdən, əgər vətəndaşlara yanlış məlumat verilməsi, saxta statusdan istifadə və ya başqa hüquq pozuntuları ilə bağlı faktlar mövcuddursa, bu məsələlər aidiyyəti qurumlar tərəfindən araşdırılmalı və hüquqi qiymət verilməlidir.
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri mətbuat vasitəsi ilə DİN, DTX və Baş Prokurorluqdan bu sualların araşdırılmasını xahiş edirlər. /musavat.com






Şərhlər