Azərbaycanda peşəkar jurnalistika sahəsində fərqlənən və öz dəst-xətti ilə seçilən müəlliflərin sayı getdikcə azalır. Rəqəmsal platformaların inkişafı ilə informasiya yayanların sayı artsa da, onların hamısını peşəkar jurnalist hesab etmək mümkün deyil. Eyni zamanda, gənclərin jurnalistika ixtisasına marağının azalması gələcəkdə peşəkar kadr ehtiyatı ilə bağlı narahatlıqları artırır. Məlumat bolluğu dövründə cəmiyyətin etibarlı və peşəkar jurnalistlərə ehtiyacı əvvəlkindən daha çox hiss olunur.
Azərbaycanda peşəkar jurnalistlərin sayının azalması gələcəkdə informasiya mühitinə necə təsir göstərə bilər? Ümumiyyətlə, bu sahədə ciddi boşluqlar yarana bilərmi?
“AzPolitika” mövzu ilə bağlı media nümayəndələri, tanınmış jurnalistlər arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “Bu il Tələbə Qəbulu Komissiyasında və Dövlət İmtahan Mərkəzində Mətbuat Şurasının nümayəndələri iştirak ediblər. Orada diqqət yetirdim ki, jurnalistika fakültəsinə qəbul zamanı bu ixtisasa maraq göstərən abituriyentlərin sayı qəbul planından təxminən üç dəfə çoxdur. Jurnalistika ixtisası üzrə təxminən 300 nəfərlik qəbul planı var, lakin 900-dən çox abituriyent bu ixtisasa qəbul olunmaq üçün müraciət edib. Bu, mənim üçün sevindirici göstəricidir. Çünki düşünürdüm ki, jurnalistikanın əvvəlki nüfuzunu qismən itirdiyi indiki dövrdə gənclər bu ixtisasa artıq o qədər də maraq göstərmirlər. Eyni zamanda, bir çoxları jurnalist olmağın çox asan olduğunu düşünür. Çünki bu gün sosial mediada hər kəs özünü rahatlıqla jurnalist elan edə bilir. Lakin bizi narahat edən məqam odur ki, peşəkar və xüsusilə araşdırmaçı jurnalistlərinin sayı getdikcə azalır.
Digər tərəfdən, biz Azərbaycan dilinin saflığının qorunmasının vacibliyindən danışırıq. Dilimizin saflığını qorumaq isə ilk növbədə yazıçıların və jurnalistlərin üzərinə düşən məsuliyyətdir. Peşəkar jurnalistlər azaldıqca, dırnaqarası sosial media fenomenlərinin sayı artdıqca Azərbaycan dilinin saflığını qorumaq daha da çətinləşəcək. Dil, ilk növbədə, yazı vasitəsilə inkişaf edir. Yazılan mətnlər, bədii ədəbiyyat və publisistika dilin inkişafına təkan verir, onun zənginliyini və saflığını qoruyur. Sosial media və gündəlik danışıq dili isə bu baxımdan eyni təsir gücünə malik deyil. Bu mühitdə həm dilin saflığını qorumaq, həm də onu inkişaf etdirmək olduqca çətin məsələdir. Ona görə də düşünürəm ki, bu baxımdan Azərbaycan dilini müəyyən təhlükələr gözləyir. Əgər bu tendensiya davam edərsə, Azərbaycan dili getdikcə sosial medianın bayağı dilinin təsirində bəsitləşəcək”.

Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu: “Son 25 ildə Azərbaycanın informasiya məkanında bir sıra vacib dəyişiklikləri müşahidə etmişik. Qəzet jurnalistikasının uzun sürən “can verməsi” illərlə davam etdi. Bir vaxtlar xəbər agentliyindən məlumat redaksiyaya əvvəlcə kağız formasında, sonra isə disketdə daşınırdı. İnternet dövründə format dəyişdi. Saytlar və informasiya agentlikləri bazarı tədricən ələ aldılar. Sonra ənənəvi radio və televiziya “ölməyə” başladı. Bu gün telekanallara baxan yoxdur, ən azı gənc nəslin nümayəndələri televiziyadan yan qaçırlar. Radio isə yalnız sükan arxasında olanlara xidmət edir. 2010-cu illərdə sosial şəbəkələrin inkişaf etdiyini gördük. Əgər xəbəri istehsal edib onu şəbəkədə paylaşmadınsa, deməli boşuna çalışırsan. Son bir neçə ildə isə süni intellektin informasiya bazarını ələ keçirməsi bütün digər platformaların işini mənasızlaşdırıb. Məsələn, əgər qlobal axtarış platforması olan quql əvvəllər verilən sorğuya uyğun olaraq istifadəçini saytlara yönəldirdisə, artıq bu baş vermir. Hansısa bir sorğu olan kimi quqlun süni intellekt platforması tələb olunan məlumatın yığcam formasını üzə çıxarır. Harasa yönəlməyə daha ehtiyac yoxdur. Jurnalistlər və redaksiyalar məhsul istehsal edir, axtarış sistemi isə bundan yaraqlanıb insana lazım olan məlumatı özü təqdim edir. İnformasiya platformaları bu dəqiqə olduqca ciddi problemlə üz-üzə qalıblar. İstifadəçi girişi kəskin azalıb. Bu da birbaşa gəlirə təsir edən amillərdəndir. Yaxın gələcəkdə sosial şəbəkələrin də tədricən sıradan çıxacağı da qaçılmazdır. Belə bir gərgin dönəmdə peşəkar jurnalistə, daha doğrusu hər hansı bir jurnalistə ehtiyac varmı? Bir jurnalist olaraq sən məhsul istehsal edirsən, onu isə süni intellekt və axtarış sistemi mənimsəyir. Nə adın görünür, nə çalışdığın redaksiya. Yaxın gələcəkdə peşəkar redaksiyaların sıradan çıxacağını, jurnalistlərin sayının kəskin azalacağını müşahidə edəcəyik. Gələcəkdə bu informasiya mühitində boşluqların yaranmasına gətirib çıxara bilər. Yaxın perspektivdə yəqin olaraq bir neçə dəyişiklik ola bilər. Ya süni intellekt özü məhsul istehsal etməyə başlamalıdır, ya da bütün ölkələrin bircə səyi ilə yeni qaydalar qəbul edilməlidir. Axtarış sisteminin kiminsə məlumatını öz məhsulu kimi təqdim etməsini məhdudlaşdıran qanunlar olmalıdır. Əvvəllər belə bir deyim vardı - “əgər xəbəri öldürmək istəyirsənsə, onu quqlun 3-cü səhifəsinə yerləşdirməlisən”. Bu gün axtarışın heç ilk səhifəsində belə keçid saytlarına rast gəlmirik. İstənilən məlumat süni zəkadan gəlir. Peşəkar jurnalist yetişdirmək olduqca ciddi işlərin görülməsini tələb edir. Təbii, bu qədər güc-qüvvə işlədən gənc mütəxəssis həm yüksək gəlir əldə edəcəyini düşünür, həm də nə vaxtsa informasiya mühitində tanınacağına inanır. Bu gün texnoloji məkanda baş verən proseslər bu ümidləri də puç edir. Yaxın gələcəkdə peşəkar kadr çatışmazlığı adi hala çevriləcək”.

Əməkdar jurnalist Afət Telmanqızı: “Təəssüf ki, son dövrlərdə peşəkar jurnalistlərin sayının azalmasını müşahidə edirik. Azərbaycan media cameəsində nə baş verir? Niyə peşəkar kadrlar bu sahədən uzaqlaşır? Suallar düşündürücü, həm də narahatedicidir. Səbəblər çoxdur. Mən bir neçəsini sadalaya bilərəm. Məsələn, sosial medianın yaratdığı sürətli, qeyri-peşəkar rəqabət, sosial şəbəkələrin hər kəsə informasiya yaymaq imkanı verməsi peşəkar standartları kölgədə qoyur, peşəyə hörməti, inamı, marağı zəiflədir. Oxucu auditoriyasının parçalanması nəticəsində tirajlar da aşağı düşür, gəlirlər azalır, maliyyə böhranı başlayır, nəticədə peşəkar jurnalistlər bu sahədən uzaqlaşır, onların yerini diletantlar tutmağa başlayır. Əlbəttə peşəkar jurnalistlərin sayının azalması uzunmüddətli perspektivdə informasiya mühitinə əhəmiyyətli təsir göstərə bilər. Məlumatın keyfiyyəti aşağı düşəcək. Peşəkar jurnalistlər məlumatı bir neçə, müxtəlif mənbədən dəqiqləşdirib, təsdiqləmək vərdişlərinə malikdirlər. Onların sayının azalması isə təsdiqlənməmiş məlumatların yəni dezinformasiyanın yayılma riskini artırır. İctimai etimad azalır. Etibarlı informasiya mənbələrinin sayı azaldıqca insanlar hansı məlumata inanacaqlarını müəyyənləşdirməkdə daha çox çətinlik çəkirlər. Bununla yanaşı, peşəkar jurnalistikanın gələcəyi, yalnız jurnalistlərin sayından deyil, həm də media qurumlarının maliyyə dayanıqlığından, jurnalist təhsilinin keyfiyyətindən, rəqəmsal bacarıqların inkişafından və süni intellekt kimi yeni texnologiyaların necə tətbiq olunmasından asılıdır. Süni intellekt məlumatların emalını sürətləndirə bilər, lakin faktların yoxlanılması, hadisələrin kontekstinin düzgün təqdim edilməsi və etik qərarların verilməsi hələ də peşəkar jurnalistlərin əsas üstünlükləri olaraq qalır. Nəticə etibarilə, əgər peşəkar jurnalistlərin sayının azalması uzun müddət davam edərsə və bu boşluğu yüksək ixtisaslı yeni kadrlar doldurmasa, informasiya mühitində həm keyfiyyət, həm də etibarlılıq baxımından ciddi boşluqların yaranması qaçılmazdır. Çıxış yolları axtarılmalıdır. Jurnalist kadrların hazırlığı gücləndirilməlidir. Bu sahəyə maraq yaradılmalıdır. Peşəkar jurnalistlərin sayının artırılması üçün dövlət və cəmiyyət dəstəyi də önəmlidir”.
Oğuz Ayvaz
"AzPolitika.info”

Şərhlər