Rusiya rublu ABŞ dolları və digər valyutalar qarşısında dəyər itirməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi gələn ay büdcə qaydasıçərçivəsində xarici valyuta alışlarını artıracağını açıqlayıb. Səbəb ölkənin tükənməkdə olan valyuta ehtiyatlarını qismən də olsa bərpa etmək istəyidir.

7 avqustdan 4 sentyabra qədər 136,2 milyard rubl dəyərində xarici valyuta və qızıl alınacaq. Mərkəzi Bankın büdcə qaydasından kənarda Milli Rifah Fondundan investisiyaları kompensasiya etmək üçün gündəlik satdığı 0,6 milyard rubl nəzərə alındıqda, xalis alışlar 5,9 milyard təşkil edəcək.

Mütəxəssislər qeyd edir ki, dövlətin xarici valyuta alışının həcmi gözləniləndən xeyli yüksəkdir və bu qərar bazar üçün sürpriz olub. “Sberbank” analitiklərinin fikrincə, çoxları alışların azalacağını gözləyirdi. Bu, onsuz da təzyiq altında olan rubl üçün pis xəbərdir. Bu pullar konvertasiya edilir və Milli Rifah Fonduna göndərilir.

Maliyyə Nazirliyinin açıqlamasından sonra yuan 0,8% bahalaşaraq 11,93 rubldan 12,02 rubla çatıb. Rubl iyun ayından bəri zəifləyir və may ayından bəri dollara və yuana qarşı 14% ucuzlaşaraq, müvafiq olaraq 81 və 12 rubla çatıb.

Analitiklərinin fikrincə, neft qiymətlərinin iyul ayında düşməsi rubla Maliyyə Nazirliyinin açıqlamasından daha çox təzyiq göstərəcək. İxrac gəlirləri Rusiyaya iki aya qədər gecikmə ilə daxil olur və İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, iyul ayında Urals xam neftinin orta qiyməti iyun ayına nisbətən 7% aşağı olub və bir barel üçün 59 dollar təşkil edib. Bu, ixrac gəlirlərini yalnız avqust ayında deyil, həm də sentyabrın əvvəlində məhdudlaşdıracaq. Onlar əlavə edir ki, digər ixrac qiymətləri də azalıb, buna görə də valyuta tələbi ilə təklifi arasındakı disbalans qalacaq və rubl dəyərdən düşməyə davam edəcək. 

"Sberbank" analitiklərinin fikrincə, mövcud tendensiyalar davam edərsə, dolların məzənnəsi yaxın günlərdə 85 rubla yaxınlaşa bilər.

“AzPolitika.info”