Menu

XAMENEİ ŞƏXSİ MƏKTUBUNDA PUTİNDƏN NƏ İSTƏYİB?- “İran illərdir istədiyini alacağına ümid edir”

07.11.2026, 10:40
XAMENEİ ŞƏXSİ MƏKTUBUNDA PUTİNDƏN NƏ İSTƏYİB?- “İran illərdir istədiyini alacağına ümid edir”

İranın Ali Lideri Müctəba Xamenei Rusiya Prezidenti Vladimir Putindən S-400 "Triumph" hava hücumundan müdafiə raket sistemləri istəyib. 

“AzPolitika” xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti adı çəkilməyən yüksək vəzifəli İran rəsmisinə istinadla məlumat yayıb.

Ayətullahın Putinə şəxsi məktubu noyabrın 5-də İran Təhlükəsizlik Xidmətinin rəisi Möhsün Rezayi tərəfindən onun Moskvaya səfəri zamanı çatdırılıb. İran rəsmisi qeyd edib ki, Tehran illərdir istədiyi S-400-ləri nəhayət alacağına "nikbin yanaşır”.

İranın S-400 istəyi xüsusilə də ABŞ-nin İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata başlayacağı barədə xəbərlər fonunda olduqca aktual görünür. Lakin Yaxın Şərq rəsmiləri və analitiklərinin fikrincə, razılaşma perspektivləri qeyri-müəyyən olaraq qalır. Onların sözlərinə görə, Moskva illərdir Tehrana S-400 sistemlərinin tədarükü imkanını nəzərdən keçirirdi, lakin İsrail və regiondakı digər ölkələrlə münasibətlərə xələl gətirmək qorxusundan bu planları heç vaxt həyata keçirməyib.

Bundan əlavə, nəşrin mənbələri qeyd edib ki, Rusiyanın özü hazırda Ukraynanın neft emalı zavodlarına, aerodromlarına və digər obyektlərə davamlı hücumları səbəbindən hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə üzləşir. Buna görə də özü bu sahədə qıtlıq yaşayan Moskva, Tehrana verə bilcək HHM sistemlərinə sadəcə, malik olmaya bilər.


2026-cı ilin fevral ayında başlayan hərbi əməliyyat zamanı Amerika və İsrail qüvvələri İslam Respublikasının hava hücumundan müdafiə sistemlərini demək olar, tamamilə məhv etmiş və İranın öz hava məkanını, nüvə obyektlərini, eləcə də hava hücumu nəticəsində həlak olan Ali Lider Əli Xamenei də daxil olmaqla, rəhbərliyini qoruya bilmədiyini nümayiş etdirmişdi. Bu, İranın dövlət kimi nüfuzuna və hakim rejimə ciddi zərbə vurmuşdu.

S-400 tədarükü ilə bağlı İran-Rusiya danışıqları ABŞ Prezidenti Donald Trampın Rusiyanın İrana kömək etmədiyi barədə açıqlamalarına ziddir. “The Telegraph” qəzetinin məlumatına görə, Tehran artıq Moskva ilə bir sıra silah təchizatı müqavilələri bağlayıb ki, bu da onun öz müdafiəsini gücləndirməyə və rejimi qorumağa yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsi ola bilər.


Nəşr eləcə də İran təhlükəsizlik xidmətlərinin ABŞ və İsraillə müharibədən əvvəl ölkənin silahlı qarşıdurmada “sağ qalması”nı təmin etmək üçün tövsiyələr hazırladığını göstərən məxfi sənədlər barədə məlumat verib. Bu sənədlərdə Rusiya və Çinlə strateji və hərbi münasibətlərin dərinləşdirilməsi, eləcə də hava hücumundan müdafiə, raket sistemləri və dronların gücləndirilməsilə bağlı müddəalar daxildir.

Qeyd edək ki, hazırda da İran eyni strategiyanı yürüdür və Rusiya ilə Çinin dəstəyinin elementləri açıq görünən müdafiə sistemi qurmağa çalışır. Üstəlik, son günlər İranın demək olar, bütün qonşuları ilə sərhədlərə silah-sursat, HHM sistemləri və s. topladığı barədə məlumatlar yayılmaqdadır. Bu o deməkdir ki, Tehran ABŞ-nin genişmiqyaslı hücumunu real sayır və ona adekvat cavab verməyə çalışır. Lakin hücum olacağı təqdirdə fevral ayında olduğu kimi, İranın yenə də öz hava məkanına nəzarəti bütünlüklə itirib-itirməyəcəyini demək çətindir. Ancaq əvəzində, İranın yenə qonşu dövlətləri, xüsusilə də körfəz ölkələrini hədəf alacağı şübhə doğurmur…

E.Qüdrətoğlu

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol