ABŞ administrasiyası İranın nüvə proqramı haqqında kritik məlumatları təqdim edən şəxslərə 20 milyon dollara qədər pul mükafatı veriləcəyini elan edib.
“AzPolitika” xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı rəsmi bəyanata görə, mükafat proqramı İranın nüvə obyektləri, texniki avadanlıqları və bu proqramla əlaqəli şəxslər barədə dəqiq məlumatların əldə olunmasını hədəfləyir.
Təhlükəsizlik məqsədilə məlumat təmin edən şəxslərə və onların ailələrinə başqa ölkəyə köçmək imkanının da yaradılacağı bildirilib.
CENTCOM bəyanatda Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 2025-ci il hesabatına istinad edib. Hesabatda İranın uranı 60 faiz təmizliyə qədər zənginləşdirdiyi xüsusi vurğulanıb.
ABŞ rəsmiləri bu göstəricinin nüvə silahı istehsalı üçün tələb olunan 90 faizlik həddə kritik dərəcədə yaxın olduğunu və ciddi təhlükə yaratdığını bəyan ediblər.


Şərhlər