Menu

Rusiya Kiyevə ağır zərbələr endirdi - Şimal körpüsü vuruldu + VİDEO

07.11.2026, 11:14
Rusiya Kiyevə ağır zərbələr endirdi - Şimal körpüsü vuruldu + VİDEO

Bu gecə Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevə və bir sıra regionlara kütləvi hücumlar həyata keçirib. Əsas hədəflərdən biri Kiyevdəki Şimal körpüsü olub.

“AzPolitika” xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat yayıb.

Onun sözlərinə görə, zərbə nəticəsində körpünün yol örtüyü, trolleybusların kontakt xətti və elektrik verilişi xətləri zədələnib. Partlayış dalğası körpünün yaxınlığındakı dayanacaqda olan beş yük avtomobilinə də ziyan vurub. Hər iki istiqamətdə körpüdə hərəkət tamamilə dayandırılıb.

Son məlumatlara görə, Kiyevə edilən hücumlar nəticəsində 14 yaşlı yeniyetmə də daxil olmaqla 5 nəfər yaralanıb. Şəhərdə çoxmərtəbəli yaşayış binaları, uşaq bağçası və qeyri-yaşayış binası zərər görüb.

Kliçko əlavə edib ki, gecə saatlarında Kiyev və Jitomir vilayətlərindəki enerji obyektləri də hədəfə alınıb. Nəticədə paytaxtın enerji təchizatında "fövqəladə çətin vəziyyət" yaranıb.

Kiyev vilayətinin Boqdanovka kəndində isə pilotsuz uçuş aparatı (PUA) fərdi yaşayış evinə çırpılıb. Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, ər-arvad dağıntılar altında qalıb. 1960-cı il təvəllüdlü qadın öz gücü ilə çölə çıxa bilib, 1951-ci il təvəllüdl dağıntılar altından xilasedicilər tərəfindən çıxarılıb. Hər iki şəxs xəsarət alıb.

Gecə saatlarında həmçinin Çerniqovda tam elektrik kəsintisi qeydə alınıb. Şəhər şurasından bildirilib ki, şəhərdə ictimai elektrik nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb.

Dnepr vilayətində də gecə hücumları qeydə alınıb. Pavloqrad şəhərində dron hücumu nəticəsində beşmərtəbəli yaşayış binası, müəssisə, avtomobillər və təsərrüfat tikililəri zədələnib. Vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, 3 nəfər yaralanıb. 32 yaşlı kişi orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 38 yaşlı qadın və 11 yaşlı qız isə ambulator müalicə alacaqlar.

Qeyd edək ki, cümə axşamı axşam saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyat məlumatlarına istinadən Rusiyanın ölkənin energetikasına, Dnepr çayı üzərindəki körpülərə və mülki infrastruktura qarşı yeni zərbələr hazırladığı barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, Kiyev daxilində Dnepr çayı üzərindən 9 avtomobil, dəmir yolu və piyada körpüsü keçir. Şimal və Cənubi körpülər şəhərin sol və sağ sairlərini birləşdirən əsas nəqliyyat magistralları hesab olunur və hər iki körpü əvvəllər də Rusiya hücumlarına məruz qalıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol