Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədikləri iddia edilən 5 nəfərə qarşı məhdudlaşdırıcı tədbirlər (sanksiyalar) tətbiq edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Avropa Şurasının yaydığı rəsmi bəyanatda bildirilir. Məlumatda qeyd olunur ki, sanksiya siyahısına düşən şəxslər Rusiyanın müdafiə və hərbi-texniki sektorlarında fəaliyyət göstərən aparıcı şirkətlərində rəhbər vəzifələr tutur.
Sanksiya tətbiq edilən şəxslərin siyahısı:
Ramil Bədğutdinov – "Serpuxov 'Metallist' zavodu"nun rəhbəri;
Aleksandr Dyukarev – "Krasnoyarsk maşınqayırma zavodu"nun ("Krasmaş") baş direktoru;
Sergey Başkov – "IRZ-Svyaz" şirkətinin direktoru;
Sergey Bessonov – "Aeromaks" şirkətinin rəhbəri;
Viktor Ivanov – Dəqiq Cihazlar Elmi-Tədqiqat İnstitutunun baş direktoru.
Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, bu məhdudlaşdırıcı tədbirlər Rusiyanın Ukrayna ərazisinə son raket və dron zərbələrinə cavab olaraq qəbul edilib.
"Ukraynaya qarşı hər bir yeni hücum Avropanın Rusiyaya təzyiqi artırması üçün növbəti bir əsasdır. Moskva ordusu döyüş meydanında durğunluq yaşadıqca, dinc əhaliyə qarşı terror kampaniyasını eskalasiya etməkdə davam edir. Aİ Moskva müharibəni dayandırana qədər Rusiyaya təzyiqi gücləndirməyə davam etməlidir", – deyə Kallas "X" sosial şəbəkəsindəki hesabında vurğulayıb.
“AzPolitika.info”

Şərhlər