Ramiz YUNUS
"Xəzər" Beynəlxalq Universitetinin politologiya professoru
Аzərbaycan ədaləti bərpa edən ölkədən regionun gələcəyini müəyyənləşdirən "orta güc"ə necə çevrildi?
Dövlətlərin tarixində elə tarixlər olur ki, onlar sadəcə təqvim vərəqi deyil, bir eranın bitib yenisinin başladığını xəbər verən rəmzə çevrilir. 2025-ci il avqustun 8-də Ağ Evdə, ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması Cənubi Qafqaz üçün məhz belə bir tarixi dönüş nöqtəsi oldu.
İlk baxışdan bu, növbəti diplomatik sənəd kimi görünə bilər. Lakin onun mahiyyəti adi beynəlxalq saziş çərçivəsini aşır. Bu, dünya birliyinin regionda formalaşan yeni siyasi reallığı rəsmən tanıdığı an idi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, çoxillik münaqişəyə son qoyması və Cənubi Qafqazı yeni təhlükəsizlik sisteminə keçirməsi məhz bu tarixi prosesin məntiqi nəticəsidir.

Tarix döyüş meydanında qələbə qazanan dövlətlərin az olmadığını göstərir, lakin bu zəfəri davamlı sülhə çevirməyi bacaranlar çox azdır. Müharibədən sonrakı əsas sual da məhz budur: Dövlət öz qələbəsi ilə nə edir?
Ya keçmişin – yeni münaqişələrin, yeni iddiaların məntiqi ilə yaşamaq, ya da tarixi fürsətdən istifadə edib yeni gələcək qurmaq lazımdır. Azərbaycan ikinci yolu seçdi.
Dondurulmuş münaqişə sülh deyil, fəlakət öncəsi fasilə idi
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan otuz ilə yaxın bir müddətdə postsovet məkanının en mürəkkəb problemi ilə – ərazi bütövlüyünün pozulması ilə üz-üzə qaldı. BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquq kağız üzərində qalsa da, onların icra mexanizmi yox idi.
Tarix sadə bir həqiqəti sübut etdi: Dondurulmuş münaqişə sülh demək deyil. Bu, sadəcə növbəti böhran öncəsi fasilədir. Çünki həllini tapmayan ədalətsizlik öz-özünə yox olmur.
Azərbaycan bu illər ərzində nəinki hərbi gücünü artırdı, həm də müstəqil strategiya yürütməyə qadir olan dövlət modeli formalaşdırdı. İqtisadi inkişaf, NATO standartlarına uyğun müasir ordunun qurulması, energetika diplomatiyası və ardıcıl xarici siyasət 2020 və 2023-cü illərdəki Zəfərin bünövrəsini qoydu.
Bir neçə il öncəyə qədər Azərbaycan xarici qiymətləndirmələrdə yalnız işğal olunmuş torpaqlar və münaqişə prizmasından görülürdü. Bu gün isə mənzərə köklü şəkildə dəyişib. Azərbaycan nəinki öz milli maraqlarını qoruyur, həm də regional gündəliyi diktə edir. Bu, ölkənin "kiçik dövlət" kateqoriyasından "orta güc" statusuna keçməsinin bariz göstəricisidir.
Müasir siyasətdə dövlətin statusu onun haqqında nə qədər danışılması ilə deyil, başqalarının onun mövqeyini nə dərəcədə nəzərə almağa məcbur olması ilə ölçülür.
Azərbaycan başqa aktyorların qərarlarının obyektindən, qərarları formalaşdıran əsas subyektə çevrildi. Müharibədəki Zəfərdən sonra ölkəmiz sonsuz qarşıdurma yolunu seçmədi, əksinə, Ermənistana suverenliyin tanınması, ərazi iddialarından imtina və bərabərhüquqlu münasibətlərə dayanan 5 əsas sülh prinsipini təklif edən tərəf oldu.
8 avqust 2025-ci ildə Ağ Evdə atılan imza yalnız diplomatik uğur deyil, həm də Bakı ilə Vaşinqton arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisidir.

35 illik müstəqillik dövründə ABŞ-Azərbaycan əlaqələri müxtəlif mərhələlərdən, o cümlədən Obama və Bayden administrasiyaları dövründə müəyyən mürəkkəbliklərdən keçib. Lakin Donald Tramp administrasiyasının gəlişi ilə uzunmüddətli maraqların üst-üstə düşməsi strateji tərəfdaşlığın əsasını qoydu.
Ağ Evdəki görüşdə tərəflər arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə qaldırılması, energetika, nəqliyyat, investisiya, TRIPP layihəsi və regionun nəqliyyat infrastrukturu geniş müzakirə olundu. Həmçinin uzun illər ikitərəfli əlaqələrə kölgə salan "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin ləğvi məsələsi də yeni reallığın tələbi kimi gündəmə gəldi. Azərbaycan artıq köməyə ehtiyacı olan ölkə deyil, regional sabitliyin əsas təminatçısıdır.
Nizamsızlığın hökm sürdüyü müasir dünyada Azərbaycanın təcrübəsi beynəlxalq aləm, xüsusən də ərazi bütövlüyü pozulmuş Ukrayna üçün mühüm dərslər ehtiva edir:
Beynəlxalq hüquq yalnız o zaman işləyir ki, onun arxasında iradəli dövlət siyasəti dursun. Təkçə bəyanatlar yetərli deyil, güc və diplomatiya sintez olunmalıdır.
Xilas olmaq xilas olmaq istəyənin öz işidir. Heç bir dövlət öz gələcəyinin məsuliyyətini xarici tərəfdaşların öhdəsinə buraxa bilməz.
Cəmiyyətin milli məqsədlər ətrafında konsolidasiyası (monolit birliyi) ən böyük resursdur.
Azərbaycan xarici siyasətində çox mühüm bir prinsipi sübut etdi: Müasir dünyada dövlət kimsənin davamı olmamalı, özü olmalıdır. Azərbaycana "promeşrut", "proqərb", "prorus" və ya "proiran" olmaq lazımdır deyil – Azərbaycan prorusiya və ya proqərb deyil, PROAZƏRBAYCANLI olmalıdır! Məhz bu prinsip suverenliyi qorumağa və bütün güc mərkəzləri ilə bərabərhüquqlu dil tapmağa imkan verir.
Şarl de Qoll yazırdı: "Dövlətin əzəməti yalnız onun gücü ilə deyil, qarşısına qoyduğu məqsədlərin böyüklüyü ilə ölçülür."
Azərbaycanın son onilliklərdəki tarixi məhz bu anlayışın təzahürüdür. Həqiqi qələbə müharibənin gedişini dəyişməklə bitmir, o, tarixin gedişatını dəyişməlidir. 2025-ci il 8 avqust tarixi də məhz bu anın – Zəfərin sülhə çevrildiyi günün rəmzi oldu.
"AzPolitika.info"

Şərhlər