Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə uşaqlara mobil telefon almaq üçün doğru yaşın müəyyənləşdirilməsi valideynləri düşündürən əsas məsələlərdən biridir. Erkən yaşda smartfon istifadəsinin uşağın diqqətinə, sosial bacarıqlarına və psixoloji inkişafına təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Digər tərəfdən, təhlükəsizlik, təhsil və valideyn nəzarəti kimi amillər də telefondan istifadəni zəruri edən səbəblər arasında göstərilir.
Bəs balansı necə qorumaq və doğru qərarı vermək olar? Uşaqlara ilk mobil telefon neçə yaşından etibarən verilməsi daha məqsədəuyğun hesab olunur? Erkən yaşda smartfon istifadəsinin uşağın psixoloji, sosial və təhsil inkişafına əsas təsirləri hansılardır?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, sualın cavabı rəsmi sənəddə qeyd olunan bioloji yaşla deyil, uşağın emosional yetkinliyi, tənqidi düşünmə qabiliyyəti, özünənəzarəti və şəxsiyyət inkişafının hansı mərhələdə olması ilə müəyyənləşməlidir. Çünki texnologiyanın həyatımıza təsiri, onu təhlükəli və ya faydalı edən istifadəçinin psixoloji hazırlığıdır.

Onun sözlərinə görə, insan beyninin inkişafı mərhələli şəkildə gedir. Xüsusilə diqqət, impulsların idarə olunması, emosional tənzimləmə, səbir və qərarvermə kimi funksiyalara cavabdeh olan beyin strukturları yeniyetməlik dövrünün sonlarına qədər formalaşmağa davam edir: “Bu səbəbdən erkən yaşlarda nəzarətsiz smartfon istifadəsi uşağın diqqətinə daha çox təsir edir, ani mükafat alma vərdişini gücləndirir, gözləmə və səbir bacarığını zəiflədir. Daim dəyişən vizual stimul və qısa məzmunlar beynin dərin düşünmə qabiliyyətini tədricən səthi informasiyanı sürətlə qəbul etmə vərdişi ilə əvəz edə bilir. Psixoloji olaraq isə uşaq şəxsiyyətini əvvəlcə real münasibətlərdə formalaşdırmalıdır, amma virtual mühitdə bəyənilmək ehtiyacı, sosial müqayisə, filtrdən keçmiş “ideal həyat” görüntüləri və davamlı təsdiq axtarışı özünəinamın xarici amillərdən asılı olmasına səbəb ola bilər. Həm də belə olan halda təbii ehtiyacları daha sürətli şəkildə təmin olunur. Bilirik ki, beynimiz də bu cür hal üçün daha uyğundur və nəticə etibarı ilə insanın sosial (əziyyətsiz əldə olunmuş uğura) meyilliliyi artır. Belə olduqda uşaq “kim olduğunu” deyil, “başqalarının onu necə görmək istədiyini” yaşamağa başlayır. Bu isə gələcəkdə narahatlıq, özgüvən problemləri və emosional asılılıq riskini artırır”.
Psixoloq qeyd edib ki, uşaqlara izah olunmalıdır ki, ekran heç vaxt insan münasibətlərini əvəz edə bilməz: “Empatiya, emosiyanı oxumaq, göz təması qurmaq, münaqişəni həll etmək, gözləməyi və paylaşmağı öyrənmək yalnız canlı ünsiyyət mühitində inkişaf edir. Telefon ünsiyyət vasitəsi ola bilər, amma ünsiyyətin özü deyil. Təhsil sahəsində də belədir, texnologiyadan düzgün istifadə olunmalıdır. Smartfon düzgün istifadə edildikdə öyrənmə imkanlarını genişləndirə bilər. Ancaq nəzarətsiz istifadə diqqət dağınıqlığı, oxuma vərdişinin zəifləməsi, yaddaşın passivləşməsi və akademik motivasiyanın azalması ilə nəticələnə bilər. İnformasiyaya asan çıxış düşünmə qabiliyyətini əvəz etməməlidir. Çünki bilik məlumat toplamaq deyil, məlumatı analiz edib düzgün nəticə çıxarmaqdır”.
D.Həsənova hesab edir ki, uşağa ilk smartfonu yalnız yaşına görə deyil, psixoloji hazırlığına görə vermək lazımdır: “Əksər uşaqlar üçün bu, təxminən 12-14 yaşdan sonra, aydın istifadə qaydaları, vaxt məhdudiyyəti və valideynin aktiv rəqəmsal müşayiəti ilə daha məqsədəuyğundur. Daha kiçik yaşlarda isə ehtiyac yaranarsa, internetə məhdud çıxışı olan sadə telefonlar daha sağlam seçim hesab edilə bilər. Yenə də vurğulayaraq qeyd edirəm ki, valideynin məqsədi uşağa texnologiyanı qadağan etmək deyil, onu texnologiyanı idarə etməyi öyrətmək olmalıdır. Çünki gələcəyin problemi telefona sahib olmaq deyil, telefondan asılı şəxsiyyətlərin formalaşmasıdır. Unutmayaq ki, uşaqlar gələcəyi texnologiya ilə deyil, şəxsiyyətləri ilə quracaqlar. Texnologiya isə yalnız həmin şəxsiyyətin istifadə etdiyi bir vasitə olmalıdır, onu formalaşdıran əsas qüvvə yox. Yeni insan özünü texnologiyanın əsiri yox, texnologiyanın idarəçisi kimi dərk etməlidir ki şəxsiyyətinin fərqində ola bilsin”.
Oğuz Ayvaz
"AzPolitika.info"

Şərhlər