Xəbər verdiyimiz kimi. Tatarıstanın Nijnekamsk şəhəri müharibənin başlanmasından bəri ən ağır və ölümçül kütləvi PUA hücumuna məruz qalıb. Rəsmi məlumatlara və yerli mənbələrə əsasən, hücum nəticəsində 13 nəfər həlak olub, 75 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara müraciət edib.

Həlak olanlar arasında 5 yaşlı uşaq, yerli sakinlər və xarici işçilər var. Baş verən ağır faciə ilə əlaqədar Tatarıstanda matəm elan edilib, şəhərin 60 illik yubiley tədbirləri ləğv olunub.

Zərbələrin dəqiq hədəfləri barədə fərqli məlumatlar yayılmaqdadır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müdafiə qüvvələrinin Nijnəkamskda yerləşən iri "TANEKO" neft emalı zavoduna uğurlu zərbə endirdiyini bəyan edib. Şahidlər də neft-kimya kompleksində güclü yanğının müşahidə olunduğunu təsdiqləyirlər.

Tatarıstan rəhbəri Rustam Minnixanov və şəhər meriyası mülki obyektlərin hədəf alındığını bildiriblər. Şahidlərin verdiyi məlumata görə, dronlardan biri Şkolnı bulvarında yerləşən, daxilində tələbə yataqxanası və Gənclər Mərkəzinin fəaliyyət göstərdiyi binaya düşüb.

Dağıntılar və insan tələfatının böyük hissəsinin məhz bu mülki obyektdə baş verdiyi, həlak olanlar arasında Özbəkistan və Tacikistan vətəndaşlarının da olduğu bildirilir.

Hücumdan dərhal sonra Nijnəkamskda mobil rabitə və internet kəsilib, hava təhlükəsi rejimi elan olunub. Hadisə yerindən foto və videoların çəkilərək sosial şəbəkələrdə paylaşılmasına qadağa qoyulub, Rusiya İstintaq Komitəsi faktla bağlı "Terror aktı" maddəsi ilə cinayət işi qaldırıb.

Analitiklərin qiymətləndirməsinə görə, Nijnəkamska edilən bu hücum müharibə başlayandan bəri Rusiyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki regionlarına endirilən ən ağırhava zərbələrindən biri kimi qeydə alınıb.

Rasim Əliyev

“AzPolitika.info”