Kremlin göstərişi ilə Rusiya bölgələri tərəfindən həyata keçirilən Ukrayna cəbhəsi üçün əsgər toplama kampaniyası Rusiya Müdafiə Nazirliyinin illik planından geri qalır.
“AzPoitika” xəbər verir ki, Almaniya Beynəlxalq Təhlükəsizlik Tədqiqatları İnstitutunun eksperti Yanis Klugenin hesabatında belə deyilir.
Onun Rusiyanın regional büdcə məlumatlarına əsasən verdiyi məlumata görə, ikinci rübdə cəmi 93.000 rusiyalı Ukraynadakı müharibəyə getmək üçün ordu ilə müqavilə imzalayıb. Bu o deməkdir ki, keçən ilin eyni dövrü ilə (102.000) müqayisədə əsgər toplanması 10% azalıb.
Birinci rübün sonuna qədər isə cəmi 79.000 rusiyalı orduya cəlb edilib. Bu, əvvəlki ildən 12% azdır.
İlin birinci yarısı üçün toplanan ümumi say 172.000 əsgər olub ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 19.000 və ya 10% az deməkdir.
Klugenin qeyd etdiyi kimi, 2024-cü ildən başlayaraq, ordu ilə müqavilə imzalayan rusların sayı azalmaqda davam edir. Buna baxmayaraq, o, "hələlik çöküş əlamətləri yoxdur", - deyə vurğulayır. Belə ki, Rusiyada ümumilikdə hər gün təxminən min nəfər cəbhəyə yazılır.
Lakin, büdcələri onsuz da azalan və rekord kəsirlərdən əziyyət çəkən bölgələr üçün orduya muzdlu əsgər qəbulu kampaniyası getdikcə daha baha başa gəlir. Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün orta "bonus" 2026-cı ilin iyun ayı üçün 1,9 milyon rubla(23 min ABŞ dollarına yaxın) çatıb ki, bu da ötən ilki 1,2 milyondan 30% çoxdur. Bir tərəfdən belə yüksək məbləğləri ödəmək regionlar üçün getdikcə çətinləşir. Eyni zamanda, hətta bu qiymətə də əsgər tapmaq getdikcə müşkülə çevrilir.
“Financial Times” qəzetinin məlumatına görə, qubernatorlara ordu üçün bir il ərzində 409.000 yeni əsgər tapmaq tapşırılıb.
Əlavə edək ki, avqustun 4-də Vladimir Putin banditizm, cinayətkar təşkilatda iştirak və narkotik qaçaqmalçılığında məhkum edilmiş şəxslərə Müdafiə Nazirliyi ilə müqavilələr imzalamağa icazə verən qanun imzalayıb. Lakin, bunun Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin, yumşaq desək, keyfiyyətini yaxşılaşdıracağı ehtimalı azdır…
Qərb rəsmiləri və regional hakimiyyət orqanları Kremlin sentyabrda keçiriləcək Duma seçkilərindən sonra yeni səfərbərliyə başlayacağı ehtimalını istisna etmirlər. Lakin, rəqəmləri göstərir ki, hələlik buna ehtiyac ilin əvvəlində göründüyü qədər böyük deyil. Ona görə də seçkidən sonra səfərbərliyin mütləq olacağına dair bütün iddialara rəğmən bu mövzu, səfərbərliyin mümkün sosial-siyasi nəticələri, üstəlik ordunun təchizatı problemləri və s. səbəblərdən, hələlik açıq qalır.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər