Türkiyə parlamentində “Terrorsuz Türkiyə” prosesi ilə bağlı kritik mərhələ başa çatıb. PKK-nın silahsızlaşdırılması və prosesin hüquqi əsaslarının müəyyənləşdirilməsini nəzərdə tutan 12 maddəlik “çərçivə qanun” TBMM Baş Assambleyasında qəbul edilərək qanunlaşıb.
"AzPolitika" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında “Milli Həmrəyliyin və İctimai Bütövlüyün Gücləndirilməsinə dair Qanun layihəsi” üzrə müzakirələr başa çatıb.
Səsvermənin nəticələrinə görə, qanun layihəsinin lehinə 468 deputat səs verib. 88 deputat əleyhinə, 6 deputat isə bitərəf səs verib. Beləliklə, “Terrorsuz Türkiyə” prosesi çərçivəsində uzun müddətdir hazırlanan hüquqi mexanizmin ən mühüm mərhələlərindən biri geridə qalıb.
12 maddə nələri nəzərdə tutur?
Qanun ictimaiyyətdə “Terrorsuz Türkiyə Qanunu” və ya “çərçivə qanun” adlandırılır. Sənədin əsas məqsədi PKK/KCK-nın fəaliyyətinə son qoyulması və silahların təhvil verilməsi ilə bağlı müəyyən ediləcək şərtlərdən sonra prosesin hüquqi mexanizmlərini müəyyənləşdirməkdir.
Qanunun mühüm xüsusiyyətlərindən biri odur ki, onun tətbiqi PKK/KCK terror təşkilatının faktiki mövcudluğuna son verdiyinin və nəzarətində olan silah-sursatın təhvil verildiyinin təhlükəsizlik qurumları tərəfindən müəyyənləşdirilməsi, daha sonra isə bu qiymətləndirmənin Milli Təhlükəsizlik Şurasının qərarı ilə təsdiqlənməsi şərtinə bağlanır. Bu qərarın “Rəsmi Qəzet”də dərcindən sonra qanunda nəzərdə tutulan mexanizmlər işə düşür.
Sənəd PKK/KCK-nın yaradılması və idarə olunması, təşkilata üzvlük, bilərəkdən yardım göstərilməsi, təbliğat fəaliyyəti, təşkilatın fəaliyyəti çərçivəsində törədilmiş müəyyən cinayətlər və terrorizmin maliyyələşdirilməsi ilə bağlı əməlləri əhatə edir.
İstintaq və məhkəmə prosesləri təxirə salına bilər
Qanunun ən çox müzakirə olunan müddəalarından biri istintaq və məhkəmə prosesləri ilə bağlıdır.
Mövcud mətnə əsasən, müəyyən kateqoriyadan olan cinayətlərlə bağlı istintaq və məhkəmə proseslərinin təxirə salınması nəzərdə tutulur. Qəsdən adam öldürmə cinayəti, eləcə də müəyyən ağır cinayətlər bu mexanizmdən kənarda saxlanılır.
15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan cinayətlər üzrə proseslərin 5 il, daha ağır cəzalar nəzərdə tutan cinayətlər üzrə isə 10 il təxirə salınması mexanizmi müəyyənləşdirilir.
Bu baxımdan, qanunun ümumi amnistiya xarakterli olmadığı, konkret olaraq “Terrorsuz Türkiyə” prosesinin şərtlərinə və PKK/KCK ilə bağlı müəyyən hüquqi prosedurlara tətbiq ediləcəyi vurğulanır.
Qanunun tətbiqi üçün əsas şərt – silahların təhvil verilməsi
Sənəddə prosesin mərkəzində PKK/KCK-nın silahlı fəaliyyətinə faktiki son qoyması dayanır.
Qanunda təşkilat üzvlərinin təhvil verdiyi və ya bəyan etdiyi silah, sursat, nəqliyyat vasitələri, partlayıcı maddələr və digər materialların qeydiyyata alınması, bununla bağlı prosedurların isə təhlükəsizlik qurumlarının rəyləri nəzərə alınmaqla Daxili İşlər və Milli Müdafiə nazirlikləri tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.
Qanunun digər mühüm müddəalarından biri prosesin icrasına nəzarət mexanizminin yaradılmasıdır.
Bu məqsədlə xüsusi Şuranın fəaliyyət göstərməsi və onun görülən işlər barədə TBMM-ni müntəzəm məlumatlandırması nəzərdə tutulur.
Bundan başqa, TBMM rəhbərliyi qanunun əhatə etdiyi fəaliyyətlərin izlənilməsi məqsədilə Monitorinq Komissiyası yarada bilər. Komissiya prosesin gedişini izləyəcək və tövsiyələr verə biləcək.
Qanun müddəaları məhdud müddət ərzində tətbiq ediləcək
Qanunun diqqətçəkən xüsusiyyətlərindən biri də onun daimi deyil, müəyyən müddət üçün tətbiq olunmasıdır.
Mövcud müddəalara əsasən, Milli Təhlükəsizlik Şurasının qərarının “Rəsmi Qəzet”də dərcindən sonra qanunun imkanlarından yararlanmaq istəyən şəxslər 6 ay ərzində müvafiq prokurorluq orqanlarına və ya səlahiyyət verilmiş qurumlara yazılı müraciət etməlidirlər.
Proses necə başladı?
“Terrorsuz Türkiyə” prosesi 2024-cü ilin payızından etibarən Türkiyənin siyasi gündəminin əsas məsələlərindən birinə çevrilib.
Prosesdə Prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalının siyasi təşəbbüsləri mühüm rol oynayıb.
2025-ci ilin iyulunda PKK üzvlərinin İraqın Süleymaniyə bölgəsində simvolik olaraq silahlarını təhvil verməsi prosesin mühüm mərhələlərindən biri olmuşdu. Daha sonra TBMM-də prosesin siyasi və hüquqi əsaslarını müzakirə etmək məqsədilə komissiya fəaliyyət göstərib.
DW Türkçenin iyulun sonunda əldə etdiyi məlumatlara görə, həmin mərhələdə hazırlanan qanun layihəsinin əsas istiqamətlərindən biri PKK-nın buraxılması və silahı tərk etməsi prosesinin hüquqi əsaslarının yaradılması idi. Həmin vaxt layihənin 10-12 maddədən ibarət olması gözlənilirdi.
Nəticədə 12 maddəlik layihə 5 avqust 2026-cı ildə TBMM rəhbərliyinə təqdim edilib, daha sonra Adalet Komissiyasında təxminən 18 saat davam edən müzakirələrdən sonra qəbul olunub. 10 avqustda isə Baş Assambleyada səsverməyə çıxarılıb və 468 səslə qəbul edilib.
İndi prosesin ən həssas mərhələsi başlayır
Qanunun parlamentdən keçməsi “Terrorsuz Türkiyə” prosesinin siyasi-hüquqi baxımdan mühüm mərhələyə daxil olduğunu göstərir. Lakin qanunun qəbul edilməsi prosesin avtomatik şəkildə başa çatması demək deyil.
Əksinə, bundan sonra əsas məsələ qanunda müəyyən edilən şərtlərin praktik olaraq yerinə yetirilməsi, PKK/KCK-nın fəaliyyətinə faktiki son qoyulmasının təsdiqlənməsi, silahların təhvil verilməsi və bunun dövlət qurumları tərəfindən yoxlanılması olacaq.
Yəni Türkiyə parlamenti prosesin hüquqi çərçivəsini müəyyənləşdirib, bundan sonrakı mərhələdə isə həmin çərçivənin praktiki icrası əsas gündəmə çevriləcək.
468 səs – siyasi baxımdan diqqətçəkən nəticə
Qanunun 468 səslə qəbul edilməsi TBMM-də kifayət qədər geniş dəstəyin formalaşdığını göstərir. Bununla yanaşı, 88 deputatın əleyhinə, 6 deputatın isə bitərəf səs verməsi məsələnin Türkiyə siyasi sistemində hələ də ciddi fikir ayrılıqlarına səbəb olduğunu nümayiş etdirir.
Beləliklə, “Terrorsuz Türkiyə” prosesində yeni mərhələ başlayır. Ankara bundan sonra yalnız siyasi bəyanatlarla deyil, qəbul edilmiş qanunun konkret mexanizmlərinin icrası ilə üz-üzə qalacaq.
Elman İsmayıllı
"AzPolitika.info"

Şərhlər