Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyana xarici siyasət kursu – Avropa İttifaqı (Aİ) və Avarasiya İqtisadi Birliyi (AİB) arasında seçim etməklə bağlı qərar vermək üçün təxminən bir ay vaxt verib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Hraparak” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin iddiasına görə, əgər Paşinyan seçimdən imtina edərsə, Moskva "ikinci, daha ciddi təzyiq mərhələsinə" keçə bilər. Mənbələr Ermənistan hökumət dairələrində müzakirə olunan bir neçə mümkün ssenariyə istinad ediblər.
Birinci ssenari Rusiyada işləyən Ermənistan vətəndaşları ilə bağlıdır. Mənbələrə görə, Moskva erməni əmək miqrantlarına qarşı miqrasiya siyasətini sərtləşdirə və onların kütləvi deportasiyasına başlaya bilər. Nəşr qeyd edir ki, bu halda yüz minlərlə işsiz vətəndaşın Ermənistana qayıtması ciddi sosial-iqtisadi problemlər yaradacaq.
İkinci mümkün addım Ermənistana uçuşların məhdudlaşdırılmasıdır. Uçuşların dayandırılması və ya əhəmiyyətli dərəcədə azaldılması turist axınının azalmasına və aviabiletlərin qiymətinin kəskin artmasına səbəb ola bilər. Bundan əlavə, mənbələr təzyiqin sonradan qaz təchizatı da daxil olmaqla digər sahələrə yayıla biləcəyini qeyd edirlər.
Xatırladaq ki, Paşinyan avqustun 7-də Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şuranın iclasında Ermənistan qarşısında seçim qoyulmasına narazılığını bildirmişdi. Onun fikrincə, Ermənistanda Aİ və AİB arasında seçimlə bağlı referendum keçirilməsi tələbi mənasız və yersizdir: "Bu, xalqımıza qarşı hörmətsizlik və hüquqi baxımdan qanunsuzdur".
Baş nazir əlavə edib ki, Ermənistanın Aİ ilə mövcud münasibətlərində AİB çərçivəsindəki öhdəliklərə zidd olan heç bir hüquqi, iqtisadi və ya siyasi bənd yoxdur.
“AzPolitika.info”

Şərhlər