Ermənistan Milli Məclisinin növbədənkənar iclasında Dövlət və Hüquq Məsələləri üzrə Daimi Parlament Komitəsinin sədri vəzifəsinə namizəd, hakim "Vətəndaş Müqaviləsi" Partiyasından olan deputat Arusyak Culhakyan yeni Konstitusiya layihəsi ilə bağlı diqqətçəkən bəyanatlar verib.
"AzPolitika" xəbər verir ki, müxalifətçi "Ermənistan" fraksiyasının rəhbəri Anna Qriqoryanın suallarını cavablandıran Culhakyan bildirib ki, hakimiyyət mövcud sənəd üzərində düzəlişlər etmir, tamamilə yeni mətn hazırlayır:
"Biz mövcud Konstitusiyanı götürüb oradan hər hansı müddəanı çıxarmadıq və ya yenisini əlavə etmədik. Ağ vərəq götürüb yeni Konstitusiyanın mətnini sıfırdan yazmağa başladıq."
Müstəqillik Bəyannaməsinə istinad yoxdur
Hakim partiyanın deputatı etiraf edib ki, hazırda üzərində işlənilən yeni Konstitusiya layihəsinin preambula (giriş) hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə heç bir istinad yer almayıb: "Preambulada Müstəqillik Bəyannaməsinə istinad varmı? Xeyr, yoxdur və olmamalıdır da."
Culhakyan bu dəyişikliyin Bakının təzyiqi ilə edildiyini təkzib edib.
Lakin məlum olduğu kimi, rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Müstəqillik Bəyannaməsinə istinadın ləğv olunmasını sülh müqaviləsinin imzalanması üçün əsas şərt kimi irəli sürür.
Erməni deputatın sözlərinə görə, əsas məqsəd dövlətçiliyin möhkəmləndirilməsi və xalqın öz ərazisində uzunmüddətli varlığını təmin etməkdir.
Sənəd nə vaxt açıqlanacaq?
Yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunma vaxtına toxunan Culhakyan bildirib ki, müzakirələr hələ də devam edir. Buna baxmayaraq, sənədin tam mətninin bu ilin sonuna qədər dərc edilməsi planlaşdırılır.
E. Səlimov
AzPolitika.info

Şərhlər