Cənubi Qafqazda kommunikasiyaların bərpası və nəqliyyat marşrutlarının şaxələndirilməsi prosesi regional idarəetmə və daxili iqtisadiyyatla yanaşı, regionun geostrateji xəritəsinə də birbaşa təsir edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində təqdim olunan layihələr və infrastruktur təşəbbüsləri muxtar respublikanın xarici ticarət və tranzit imkanlarının yenidən qiymətləndirilməsi baxımından səciyyəvidir. Uzun illər coğrafi təcrid şəraitində fəaliyyət göstərən bu ərazinin Cənubi Qafqaz və Yaxın Şərq arasında qovşağa çevrilməsi prosesi intensivləşir.

Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra formalaşan yeni siyasi reallıqlar dəmir yolları, logistika terminalları və transmilli layihələr şəklində praktiki iqtisadi müstəviyə keçir. Hərbi fəaliyyətlərin yekunlaşması masada permanent sülhün əldə edilməsi və iqtisadi dividendlərin reallaşdırılması üçün zəmin yaradıb.

Regionda kommunikasiya xətlərinin bərpası yalnız iki coğrafi nöqtəni birləşdirən nəqliyyat layihəsi deyil, həm də Ermənistanla davam edən sülh gündəliyinə praqmatik baza təşkil edir. Bu proses Türkiyə ilə mövcud strateji tərəfdaşlığı möhkəmləndirir, İranla iqtisadi-ticari dialoqun intensivləşməsinə imkan yaradır.

Əgər indiyədək kontinental ticarət axınları əsasən alternativ marşrutlar (xüsusən Gürcüstan dəhlizi) üzərindən paylanırdısa, artıq yük axınlarının bir hissəsinin Naxçıvan oxuna yönəlməsi gözlənilir. Bu çərçivədə TRİPP (Trans-Regional İnteqrasiya və Nəqliyyat Platforması) layihəsinin işə düşməsi və dəhlizlərin bərpası Avrasiyanın nəqliyyat arxitekturasında yeni imkanlar açır.

Türkiyə, İran və Ermənistan sərhədlərinin kəsişməsində yerləşən muxtar respublika, Yaxın Şərq və Aralıq dənizi hövzəsinə açılan, təxminən 200 milyonluq bazara birbaşa çıxış potensialı olan strateji məkandır. Mərkəzi Asiya resurslarının Avropaya nəqlində ilkin mərhələdə 15 milyon tonluq yükaşırma gücünə malik yeni arteriyanın və TRİPP marşrutlarının inteqrasiyası bölgeni beynəlxalq logistika operatorları üçün əhəmiyyətli kəsişmə nöqtəsinə çevirir.

Naxçıvanın regional çəkisinin artması yalnız yük tranziti ilə məhdudlaşmır. Yeni yolların keçdiyi marşrut boyunca nəhəng istehsal obyektlərinin, azad iqtisadi zonaların və ixracat yönümlü sənaye parklarının salınması nəzərdə tutulur. Bu, sadə xammal tranzitindən yuxarı əlavə dəyər yaradan sənaye habına keçid baxımından vacibdir.

Digər tərəfdən, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birgə layihələndirdiyi transkontinental enerji strategiyasının mühüm qolu Naxçıvandan keçir. Mərkəzi Asiya və Azərbaycanın bərpaolunan "yaşıl enerji" potensialının Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırılması məhz bu platformadan reallaşacaq. Prezidnet İlham Əliyevin Naxçıvanda açılışını etdiyi “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları, təməli qoyulan Naxçıvan Sənaye Parkı, eləcə də yenidən qurulan dəmir yolu infrastrukturu bu strategiyanın praktiki mərhələyə keçdiyini göstərir.

Beləliklə, onilliklər ərzində mürəkkəb coğrafi şəraitdə və təcrid rejimində fəaliyyət göstərən Naxçıvan, məqsədyönlü infrastruktur siyasəti sayəsində geosiyasi sıxılmışlıqdan mərhələli şəkildə çıxır.

Ölkə rəhbərliyinin Naxçıvana son səfəri və təqdim olunan layihələr göstərir ki, muxtar respublikanın eksklav statusundan Avrasiya məkanında bazarları birləşdirən geoiqtisadi haba keçidi sürətlənir. Bu transformasiya təkcə regional iqtisadi göstəricilərin yüksəldilməsinə deyil, Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiyanın kəsişməsində uzunmüddətli ticarət və təhlükəsizlik balansının formalaşmasına xidmət edir.

E.Rüstəmli

“AzPolitika.info”