Yay mövsümü bir çox yaradıcı insanlar üçün həm istirahət, həm də yeni ideyaların formalaşdığı məhsuldar dövr hesab olunur. Bəzi yazarlar bu aylarda yarımçıq qalan əsərlərini tamamlayır, digərləri isə yeni layihələr üzərində işləməyə üstünlük verir. Oxucular üçün isə müəlliflərin hazırda hansı mövzulara müraciət etməsi və yaxın vaxtlarda hansı kitabların işıq üzü görəcəyi maraq doğurur. Yay ayları yazıçılar üçün daha çox istirahət, yoxsa yaradıcılıq dövrüdür? Hazırda Azərbaycan yazarları hansı əsərlər üzərində çalışır və oxucuları hansı yeniliklər gözləyir?

Mövzu ilə bağlı “AzPolitika” qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Yazıçı Seyran Səxavət: “Yay fəslinin istirahət dövrü hesab olunması o qədər də dəqiq və sərrast fikir deyil. Dəqiq və sərrast olmadığı qədər də qəlizdir. Qəlizliyi bundadır ki, baxır yay kimin üçün gəlir. Tutaq ki, son dərəcə imkanlı adamlar üçün yay gəlir və onları dünyanın ən gözəl istirahət məkanlarına aparır. Dünyanın maraqlı şəhərlərinə, müxtəlif ölkələrinə səyahət etdirir. Yazıçılar üçün isə yay ən çox karıxdırıcı və darıxdırıcı fəsildir. Çünki yazıçılar yayda başını soxmağa kölgə axtarırlar. Yay yaradıcı adamlar, maddi cəhətdən imkansız insanlar üçün kölgə axtarmaq fəslidir.

Kitablar çap olunur, amma sevinən oxucu görməmişəm. Belə hallar çox nadir olur.

Məşhur bir sözüm var: “Yayda mən əsər yazmıram, çünki cümlələrdən tər iyi gəlir.” Bu baxımdan yayda heç bir cümlə də yazmıram.

Mən heç vaxt planla işləməmişəm. İstəyim var ki, oktyabrdan etibarən Bakıdan çıxım, nisbətən uzaqda, sakit və münasib bir guşə tapım. Orada üç-dörd hekayəmi yazmaq istəyirəm”.

Yazıçı Pərviz Cəbrayıl: “Artıq yeddinci aydır ki, işsizəm. İşsiz adamın istirahətindən də söhbət gedə bilməz. Bu işsizlik yeni romanımı yazmaq üçün işimə yaradı. Onsuz da mən indiyə kimi məzuniyyətimdən heç vaxt istirahət üçün istifadə etməmişəm, bütün məzuniyyətlərim romanlarımı yazmağıma sərf olunub. Romanımın son redaktələri gedir. Ancaq hər dəfəki kimi romanımı hansısa nəşriyyata pulsuz-parasız bağışlamaq fikrim yoxdur. Qonorar verən olmasa, çap etdirməyəcəyəm. Sözümün canı odur ki, heç bir istirahətdən söhbət gedə bilməz. Uzaqbaşı onu demək olar ki, romanı yazmaqla ruhum istirahət eləyib”.

Şair Elşən Əzim: “Şair üçün mövsüm anlayışından çox ovqat məsələsi önəmlidir. Şeir ilin istənilən fəslində yarana bilər. Qışın soyuğunda da, yayın istisində də. O ki qaldı bu yaykı fəaliyyətimə, 2026-cı ilin yayı mənim üçün istirahətdən çox yaradıcı fəaliyyətin sıxlığı ilə yadda qaldı. May ayında “Söz odası” ədəbi-bədii jurnalının nəşrinə başladım, iyul ayında ikinci sayımız işıq üzü gördü. Həm də bu yay AYB Mingəçevir bölməsinin sədri təyin olundum. Bölgə ədəbi mühitinin canlanması üçün bir sıra tədbirlər həyata keçirdik, Şimal-qərb bölməsinin yazarları ilə Mingəçevirdə görüş təşkil etdik. Növbəti görüşümüz Zaqatalda nəzərdə tutulub.

Qardaş türk xalqlarının dillərindən dilimizə bir neçə əsər tərcümə etmişəm. Hal-hazırda Qazaxıstan şairi Janayım Ayğanbayın şeirlərini Azərbaycan dilinə tərcümə edirəm. Yəqin ki, payızda bu kitab işıq üzü görəcək. Eyni zamanda pandemiya və müharibə mövzusunda yazdığım iki hekayəni birləşdirib bir pyes halına salmaq istəyirəm. Çatdıra bilsəm, bu əsəri də yeni teatr mövsümündə Mingəçevir Dövlət Dram Teatrına təqdim edəcəm.

Bu yay demək olar ki, Mingəçevirdən kənara çıxmamışam”.

Yazıçı Mübariz Örən: “Yay fəsli mənim fəslimdi. Yayda doğulmuşam deyə, bu fəsildə özümü suda balıq kimi hiss edirəm. Əsərlərimdə də yay çoxdu; çünki yayı yaxşı tanıyıram, bilirəm. Hazırda üzərində işlədiyim romanda da yaydı... Alnımızın tərini klaviaturaya damcılada-damcılada hələ çox yaylar yaşayacağıq, əncirin yetişməsini, sovulmasını gözləyə-gözləyə, görə-görə...”

Yazıçı-dramaturq Ülviyyə Heydərova: “Əgər sevdiyin işlə məşğulsansa, bu, nə yaya baxır, nə də xüsusi istirahət gününə. Heç zamana da baxmır. Bu mənada yay-qış, istirahət, bayram günləri bilmədən çalışıram. Bircə vaxt çatışmazlığım olur. Məsələn, uzun illərdir bir roman üzərində işləyirəm. Paralel pyes, ssenarilər yazdığıma və üstəlik televiziyada çalışdığıma görə romanıma az vaxt ayırıram. Ona görə də onun redaktə işləri illərdir ki, yubanır. Çalışacam romanımı bitirim. İndi də məzuniyyət günümdə romanım üzərində çalışıram. O ki qaldı yeniliklərə, ssenari müəllifi olduğum “Buzlar əriyəndə” adlı tammetrajlı bədii film hazırdır. Premyerasını səbirsizliklə gözləyirəm. Xalq yazıçısı Anarın “Ağ liman” və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və Günel Anarqızının “Altıncı” əsərinin motivləri əsasında “Altıncı” pyesini yazmışam, “Whiteroof” Teatr studiyasında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda tamaşa hazırlanır və noyabrın 20-də Heydər Əliyev Sarayında premyerası gözlənilir”.

Yazıçı, şair Cəlil Cavanşir: “Hazırda yaradıcılıqla məşğul deyiləm. Yaxın vaxtlarda da yaradıcılıqla bağlı heç bir planım yoxdur”.

Şair-publisist Məhsəti Musa: “Əvvəllər heç olmasa pis-yaxşı şeirlər olurdu, indi o da yoxdur. Ayda-ildə bir şeir yazanda sevinirəm. Qəzet işi insanın şəxsi yaradıcılığını ikinci plana keçirir. Son illər daha çox publisistik yazılarım olur ki, onları da toplayıb bir kitab halına gətirmişəm. Amma hələlik çapı müəyyən səbəblərdən gecikir. Əslində yaradıcılığın mövsümü yoxdur. Sadəcə yay mövsümü gündəlik işlərin bir az yüngülləşməsinə imkan yaradır və bu mövsümdə fürsət tapdıqca bir neçə yarımçıq hekayəmin üzərində işləyirəm. Əvvəlki hekayələrimin taleyini yaşayıb arxivə atılmasalar, yaxın vaxtlarda oxucu üzü görəcəklər”.

Yazıçı İlahə Səfərzadə: “Düşünürəm ki, yaradıcılığın təqvimi yoxdur. Yazıçının işi masa arxasında, kitabların arasında, bəzən də gündəlik həyatın özündə davam edə bilər. Hətta insan yazmadığı vaxtlarda belə müşahidə edir, düşünür, yadda saxlayır. Sonradan həmin müşahidələr bir obrazın, detalın təsvirinə, yaxud bütöv bir hekayəyə çevrilə bilir.

Elə vaxtlar olub ki, romanlarımı məhz yay aylarında yazmışam. İndi isə yay mənim üçün daxili hazırlıq dövrüdür.

Hazırda mənim əsas fəaliyyət istiqamətim ədəbiyyatşünaslıq və elmi yaradıcılıqdır. Universitetdə yay məktəbində müəllim kimi fəaliyyət göstərməyim də yaradıcılıq prosesimə ciddi təsir göstərir. Tələbələrlə ünsiyyət, müxtəlif mətnlər üzərində düşünmək, ədəbiyyatın keçmişi və bu günü haqqında müzakirələr aparmaq yazıçı üçün də yeni baxışlar yaradır. Məncə, müəllimlik və yazıçılıq bir-birini tamamlayır. Elmi fəaliyyət isə mətnə daha dərin və analitik baxış formalaşdırır.

İndi mən daha çox hekayələrimə müraciət edir, ayrı-ayrı mətnlər üzərində işləyirəm. Hekayə həm yığcam, həm də çox geniş imkanları olan janrdır. Bir neçə səhifəlik mətndə bütöv bir insan taleyini, bir dövrün psixologiyasını, hətta cəmiyyətin müəyyən problemini ifadə etmək mümkündür.

Müasir Azərbaycan ədəbiyyatına gəlincə, düşünürəm ki, oxucunu maraqlı axtarışlar gözləyir. Ədəbiyyatımızın mövzu dairəsi genişlənir, insanın daxili dünyasına, fərdi taleyinə, yaddaşına, travmalarına, sosial münasibətlərinə daha çox diqqət yetirilir. Eyni zamanda, müasir yazarın qarşısında yeni bir problem də var: dəyişən oxucu zövqü və sürətlə dəyişən informasiya mühiti. Bu gün yazıçı yalnız nə haqqında yazdığını deyil, necə yazdığını da düşünməlidir. Hesab edirəm ki, yazıçının istirahəti belə müəyyən mənada onun yaradıcılığının bir hissəsidir. Əsas məsələ yazıçının öz daxilindəki səsə qulaq asa bilməsidir”.

Oğuz Ayvaz

“AzPolitika.info”