Ukrayna ötən ayın sonlarında ABŞ-nin vitse-prezidenti C.D. Vensin xahişi ilə Qara dənizdə - Novorossiysk limanı yaxınlığındakı neft tankerlərinə dron hücumlarını dayandırıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Ukrayna rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Vens 31 iyulda telefon danışığı zamanı Prezident Volodimir Zelenskidən bu hücumları dayandırmasını istəyib. O vaxtdan bəri Ukrayna Xəzər Boru Kəməri Konsorsiumu terminalının yaxınlığında tankerlərə zərbə endirməyib.
Məqalədə qeyd olunur ki, "Vaşinqton Ukraynanın neft bazarlarını qeyri-stabil edən zərbələrindən və Qazaxıstandan Rusiyanın Novorossiysk limanındakı Xəzər Boru Kəməri Konsorsiumu terminalına boru kəmərləri ilə neft nəqlini hədəf alaraq Amerika şirkətlərinə zərər verməsindən narahat olub".
Rəsmilərin sözlərinə görə, Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna və Rusiyaya aid olmayan gəmilərə zərbə endirməməyə razılıq verib, bir şərtlə ki, bu gəmilər Ukrayna sanksiyaları altında olmasın və Rusiya neftini və ya digər Rusiya yüklərini daşımasın.
ABŞ rəsmisi administrasiyanın Ukrayna ilə bu məsələyə dair razılıq əldə edildiyini təsdiqləyib.
Yazıda qeyd olunur ki, ABŞ-nin enerji nəhəngləri “Chevron” və “ExxonMobil” konsorsiumda və ona xidmət göstərən Qazaxıstan neft yataqlarında böyük paya sahibdirlər. “Chevron” ölkənin ən böyük yatağı olan Tengizin 50 faizinə, “Exxon” isə 25 faizinə sahibdir.
"Administrasiya Xəzər Boru Kəməri Konsorsiumunu Qazaxıstanın enerji təchizatının Avropa bazarlarına çatdırılması üçün həyati əhəmiyyətli bir kanal kimi görür və bu, Rusiya enerjisinə alternativ kimi xidmət edir", - deyə ABŞ rəsmisi bildirib.
Ukrayna hakimiyyətindəki mənbə isə nəşrə bildirib ki, "amerikalı tərəfdaşlarımızı çox diqqətlə dinləyirik". O əlavə edib ki, Kiyev ABŞ-nin tələbinə cavab olaraq müvafiq "mexanizmlər" yaradıb.
Ukraynanın mövqeyi ilə tanış olan mənbə bildirib ki, Kiyev Tramp administrasiyasının tələbinə razılıq verib, çünki Ukraynanın ABŞ-dən “Patriot” raketləri istehsal etmək üçün lisenziya və bu raketlərin özünü almaq məqsədi var.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər