Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracının artması yerli istehsalın inkişafı və xarici bazarlarda rəqabət imkanlarının genişlənməsi baxımından əhəmiyyətli hesab olunur. Bununla belə, xüsusilə kənd təsərrüfatı məhsullarının xaricə satışının artması daxili bazarda ərzaq təklifinə və qiymətlərə mümkün təsirləri gündəmə gətirir. İstehsalçıların ixraca üstünlük verməsi yerli bazara yönəldilən məhsulların həcminə təsir göstərə bilər. Digər tərəfdən, ixracdan əldə olunan gəlirlərin istehsalın genişləndirilməsinə yönəldilməsi uzunmüddətli perspektivdə bazarda təklifin artmasına şərait yarada bilər.
Qeyri-neft-qaz məhsullarının ixracının artması daxili bazarda ərzaq qiymətlərinin yüksəlməsinə səbəb ola bilərmi? İxracın genişlənməsi yerli istehsalın artmasına və qiymətlərin sabitləşməsinə necə təsir göstərə bilər?
Mövzu ilə əlaqədar hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova “AzPolitika”ya açıqlamasında bildirib ki, daxili bazarda ərzaq qiymətlərinin yüksəlməsini, birmənalı olaraq qeyri-neft-qaz məhsullarının ixracının artması ilə əlaqələndirmək doğru olmaz.

Onun sözlərinə görə, əgər hərhansı bir kənd təsərrüfatı məhsulu xarici bazarda daha yüksək qiymətə satıla bilirsə, həmin məhsulun ixracına üstünlük verə bilər. Eyni məhsulun istehsal həcmi dəyişmədiyi şəraitdə, daxili bazarda təklifi təbii olaraq azalacaq və bu, həmin məhsulların qiymətlərinin yüksəlməsinə səbəb olacaq: “Xüsusilə, mövsümi meyvə-tərəvəz məhsullarında ixracın müəyyən dövrlərdə sürətlə artması daxili təklifə daha çox təsir göstərir. Saxlama və soyuducu infrastrukturu zəif olduqda bu təsir daha qabarıq görünür. Lakin, dediyim kimi ixracın artması avtomatik olaraq bütün ərzaq məhsullarının bahalaşması demək deyil. Təsir ixrac olunan məhsulun növündən, bazarın həssaslığından və məhsulun əvəzlənmə imkanlarından asılıdır. İxracın genişlənməsi əlbətdə ki, yerli sahibkarlar üçün əlavə gəlir və investisiya imkanları yaradır. İxracdan əldə edilən gəlirlər yeni əkin sahələrinin salınmasına, istixanaların qurulmasına, texnikanın yenilənməsinə və istehsal güclərinin genişləndirilməsinə yönəldilə bilər. Həmçinin, ixrac bazarlarına çıxış fermerlərin gəlirlərini və kənd yerlərində məşğulluğu artıra bilər. Burada vacib məqam ondan ibarətdir ki, ixracdan əldə olunan gəlirlər yalnız mövcud məhsulun daha yüksək qiymətə satılmasına sərf olunmasın, həm də istehsal potensialının artırılmasına xidmət etsin. Əks halda, xarici tələb yüksəlsə də, daxili bazarda təklif artmayacaq”.
V.Əhmədova əlavə edib ki, hazırkı rəsmi məlumatlara əsaslansaq, qeyri-neft ixracının və ərzaq qiymətlərinin eyni vaxtda dəyişdiyini görə bilərik: “2025-ilin yekunlarına görə, qeyri-neft ixracı 8,1% artıb, ərzaq məhsullarının ixracı isə 18,4%. Təbii ki, bu ikisi arasında səbəb-nəticə əlaqəsi var. Əsas sual ondan ibarətdir ki, ixracın artması əlavə istehsal hesabına baş verir, yoxsa mövcud məhsulun daha böyük hissəsinin daxili bazardan xarici bazara yönəldilməsi hesabına? Mövcud məhsulun daha böyük həcminin daxili bazardan xarici bazara yönləndirilməsi mexanizmi, dediyim kimi xüsusilə tez xarab olan, saxlanma imkanları məhdud olan və mövsümi istehsal edilən məhsullarda əhəmiyyətlidir. Buna görə də, ixrac siyasətinin həqiqi uğuru yalnız ölkənin daha çox gəlir əldə etməsi ilə deyil, eyni zamanda daxili bazarda təklifin qorunması, məhsuldarlığın yüksəldilməsi və əhalinin ərzaq xərclərinin idarəolunan səviyyədə qalması ilə qiymətləndirilməlidir”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər