Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov erməni müəlliflərin Zəngəzurun Xot kəndindəki dağıdılmış Azərbaycan kəndinin xarabalıqlarını "qədim erməni turizm məkanı" kimi qələmə vermək cəhdlərini ifşa edib.

Sabiq nazir sosial şəbəkə hesabında bildirib ki, bir neçə gün əvvəl Zəngəzurda drondan çəkilmiş və ermənilər tərəfindən dağıdılmış Azərbaycan kəndinin xarabalıqlarını əks etdirən video paylaşıb. Qeyd edib ki, erməni müəlliflər bu viranəliyi "qədim Ermənistanın perspektivli yeni turizm marşrutu" kimi təbliğ etməyə çalışırlar.

T.Zülfüqarovun sözlərinə görə, videonun paylaşılmasından sonra bəzi erməni şərhçilər onu "qeyri-dəqiq məlumat yaymaqda" günahlandıraraq, oranın əzəldən erməni kəndi olduğunu və ərazidə "qədim erməni kilsələrinin" xarabalıqlarının yerləşdiyini iddia ediblər.

Tofiq Zülfüqarov erməni tərəfinin bu iddialarına cavab olaraq, arxiv sənədlərinə və rəsmi statistikaya əsaslanan faktları təqdim edib. Süni İntellekt (Sİ) alətləri vasitəsilə tarixi arxivlərin təhlili də təsdiqləyir ki, ermənilərin "erməni kəndi" kimi sırımağa çalışdıqları yaşayış məskəni tamamilə azərbaycanlılara məxsus olub.

Sənədlərə əsasən, Xot (və ya Xotnanan / Xotanan) kəndinin tarixi demoqrafik mənzərəsi belə olub:

XIX əsrin sonu — XX əsrin əvvəllərində kənd tamamilə azərbaycanlılardan (müsəlmanlardan) ibarət yaşayış məskəni kimi qeydə alınıb.

1873-cü il: kənddə 53 azərbaycanlı yaşayıb;

1886-cı il: 58 azərbaycanlı;

1897-ci il (Rusiya İmperiyasının birinci ümumi əhali siyahıyaalınması): 74 azərbaycanlı;

1904-cü il: 91 azərbaycanlı;

1914-cü il: 81 azərbaycanlı.

1918-1920-ci illərin qətliamları və kəndin xəritədən silinməsi

Tofiq Zülfüqarov vurğulayır ki, arxiv mənbələrinə görə, 1918-1920-ci illərdə Zəngəzur qəzasında törədilən məlum etnik təmizləmə və qırğınlar zamanı kəndin azərbaycanlı sakinləri öz doğma ocaqlarını tərk etməyə məcbur olublar. Məhz həmin qanlı hadisələrdən sonra Xot müstəqil azərbaycanlı yaşayış məskəni kimi fəaliyyətini dayandırıb.

Diplomatın bu şərhi bir daha göstərir ki, erməni tərəfi Zəngəzurda azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmənin izlərini və dağıdılmış tarixi-mədəni irsi ört-basdır etmək üçün saxta "tarixi ekskurslar" uydurmaqda davam edir.

Rasim

“AzPolitika.info”