Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfəri və Azərbaycan Televiziyasına (AzTV) verdiyi geniş müsahibədə dedikləri regionun gələcək nəqliyyat-logistika xəritəsinin köklü şəkildə dəyişəcəyindən xəbər verir. Dövlət başçısının Zəngəzur dəhlizinin yaranma tarixçəsi, Vaşinqton razılaşmaları və TRİPP layihəsinin icrası ilə bağlı səsləndirdiyi fikirlər Bakının regionda şərtləri müəyyən edən əsas aktor olduğunu bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev müsahibəsində 2020-ci il noyabrın 9-da Şuşa azad edildikdən sonra aparılan gərgin üçtərəfli danışıqlara toxunaraq bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhliz maddəsinin bəyanata salınması Bakının qəti tələbi olub. Ermənistanın müqavimətinə baxmayaraq, ordumuzun cəbhədəki mütləq üstünlüyü İrəvanı bu şərtlə razılaşmağa məcbur edib. Lakin İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın prosesi uzatması və Rusiyanın öhdəliklərin icrasını təmin edə bilməməsi səbəbindən layihə faktiki olaraq dondurulmuşdu. Vəziyyət keçən ilin əvvəlindən ABŞ-nin normallaşma prosesinə qoşulması ilə köklü şəkildə dəyişdi.

Azərbaycanın prinsipial mövqeyi nəticəsində 2025-ci il avqustun 8-də keçirilən tarixi Vaşinqton Zirvə Görüşündə məsələ öz yekun həllini tapdı və layihə TRİPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) adını aldı.

Prezident İlham Əliyev vurğulayıb ki, bu günlərdə ABŞ Prezidenti Donald Trampla aparılan telefon söhbəti zamanı layihənin icrası bir daha diqqət mərkəzində olub: "Üç gün bundan qabaq Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Cənab Prezident Trampla son söhbət zamanı aydın oldu ki, Ermənistan ərazisində 42 kilometrlik dəmir yolunun tikintisinə bu il başlanmalıdır".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan hissəsinin hazır olmasını gözləmədən öz ərazisindəki infrastrukturu sürətlə tamamlayır:

Horadiz–Ağbənd xətti üzrə avtomobil yolu demək olar ki, hazırdır. Dəmir yolunun tikintisi sürətlə irəliləyir və gələn il Ermənistan sərhədinə çatacaq.

Naxçıvan daxili xətlər yenidən qurulur. Belə ki, Azərbaycan Dəmir Yolları tərəfindən Ordubad və Sədərək istiqamətində olmayan qısa hissələrin (3-7 km) yenidən tikintisinə başlanılıb.

Naxçıvandakı mövcud dəmir yolunun yükaşırma qabiliyyəti hazırda 1,5 milyon tondur. Lakin Bakının məqsədi bu göstəricini 10 dəfə artıraraq 15 milyon tona çatdırmaqdır. Prezidentin tapşırığı ilə bütün xətt Azərbaycanın öz vəsaiti hesabına tam reabilitasiya olunaraq bu gücə çatdırılacaq.

Prezident müsahibədə maraqlı məlumat da açıqlayıb. Bildirib ki, Zəngəzur dəhlizinin Naxçıvan seqmenti beynəlxalq aktorların, o cümlədən Avropa İttifaqının diqqət mərkəzindədir. Aİ nümayəndələri artıq Naxçıvana ezam olunaraq yerində araşdırmalar aparıblar.

Azərbaycan dövlətinin bu məsələdəki konseptual mövqeyi aydındır:

Əsas ərazidə xarici iştiraka ehtiyac yoxdur. Çünki Azərbaycanın əsas hissəsindəki bütün işlər ölkənin daxili imkanları ilə yekunlaşır.

Naxçıvan üçün beynəlxalq konsorsium yaradıla bilər. Yəni Bakı Naxçıvan dəmir yolunun reabilitasiyası üçün xarici investorlardan ibarət beynəlxalq konsorsium yaradılmasına prinsipcə razıdır. Bir şərtlə ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olsun. Bu model dəhlizi beynəlxalq yükgöndərənlər üçün daha cəlbedici edəcək.

Beləliklə, uzun illərin ağır iqtisadi blokadasından tam çıxan Muxtar Respublika ilkin mərhələdə 15 milyon ton yükün aşırama mərkəzinə çevrilərək minlərlə yeni iş yeri və böyük biznes imkanları qazanacaq. Naxçıvanda təməli qoyulan yeni enerji gücləri (300 МВт İES və bərpaolunan enerji stansiyaları) isə göstərir ki, dəhliz boyunca yalnız yük deyil, Türkiyə və Avropaya elektrik enerjisi və fiber-optik rəqəmsal xətlər də ötürüləcək. Paralel olaraq Qars-Iğdır-Dilucu xəttinin Naxçıvanla qovuşması Türkiyə, Azərbaycan və Mərkəzi Asiyanı birbaşa quru yolu ilə calaşdırır. Prezidentin vurğuladığı kimi İrəvanın bu layihəyə qoşulması regionda hərbi eskalasiya risklərini sıfırlayaraq iqtisadi maraqlara əsaslanan uzunmüddətli sülhün zəmanətinə çevrilir.

Yekun olaraq qeyd edək ki, Prezident İlham Əliyevin Naxçıvan səfəri və verdiyi bəyanatlar bir daha təsdiqlədi ki, Bakının təşəbbüskarı olduğu Zəngəzur dəhlizi artıq sadəcə regional yol deyil, ABŞ, Aİ və böyük güclərin dəstəklədiyi qlobal TRİPP layihəsidir. Azərbaycan həm öz maliyyə resursları, həm də strateji diplomatiyası ilə Avrasiyanın mərkəzində yeni nəqliyyat və enerji erasının təməlini qoyur. Bu, elə Azərbaycanın dünya güclərindən dəstək qazanan növbəti transmilli layihəsidir.

E.Rüstəmli

AzPolitika.info