Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyada müharibəyə qarşı çıxan gəncləri “axmaq” adlandırıb.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Medvedev bunu hakim "Vahid Rusiya" partiyası şurasının iclasında deyib. O bildirib ki, bir çox rus gəncləri axmaqlıqları və "təhrif olunmuş" düşüncə tərzinə görə Ukraynadakı müharibəyə qarşı çıxırlar.

"Bu qədər tamamilə təhrif olunmuş düşüncəyə malik insanlar haradan çıxırlar? Onlar sadəcə, nə etdiklərini başa düşmürlər. Əlbəttə ki, onların arasında inadkar yaramazlar var, amma düşünmürəm ki, onların sayı çoxdur. Bu, daha çox axmaqlıq və məlumatsızlıq məsələsidir", - deyə TASS Medvedevin sözlərini sitat gətirir.

O əlavə edib ki, "Vahid Rusiya"nın bu cür şəxslərlə “sıx işləməsi” lazımdır.

Medvedev həmçinin “SVO”nun mümkün sonu barədə danışıb. Onun sözlərinə görə, müharibə yalnız Kremlin tələbləri yerinə yetirildikdən sonra başa çatacaq və ya dayandırılacaq. Bu tələblərə Ukrayna qoşunlarının məlum ərazilərdən tamamilə çıxarılması daxildir. Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Rusiyanın Qərblə münasibətləri "SVO"nin bu və ya digər formada bitməsi və ya dayandırılması ilə az dəyişəcək”.

Medvedev həmçinin təcavüzdə iştirak edən rus əsgərlərini Böyük Vətən Müharibəsi veteranları ilə müqayisə edib və onların məktəblərə gedib, öz “qəhrəmanlıqlarından” tez-tez danışmasının zəruri olduğunu qeyd edib.

“AzPolitika.info”