Bu gün səhər Ukrayna PUA-ları Başqırdıstanın Salavat şəhərinə hücum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında Başqırdıstan rəhbəri Radi Xabirovun açıqlaması yayımlanıb.
"Dronlardan birinin qalıqları sənaye zonasına düşüb. Yanğın baş verib, bütün xidmətlər yerindədir", - Xabirov Telegram-da yazıb.
Ukraynanın monitorinq kanalları “Exilenova+” və “Supernova”-ya görə, səhər saatlarında respublikadakı Qazpromneftexim Salavat neft emalı zavoduna zərbə endirilib. “Astra” neft emalı zavodundan qara tüstü sütununun qalxdığını bildirib.
Salavat neft emalı zavodu “Qazprom”un ən böyük neft-kimya müəssisəsidir. O, ildə 7,5 milyon ton neft emal etmək gücünə malikdir (Rusiyanın ümumi emal gücünün təxminən 2,7%-i). Neft emalı zavodu benzin, dizel yanacağı, kerosin, mayeləşdirilmiş qazlar, butil spirtləri, ammonyak, karbamid və digər məhsullar istehsal edir. Daha əvvəl Ukrayna dronları 14 iyulda bu neft emalı zavoduna hücum edib. Zavodun fəaliyyətini dayandırılıb. “Reuters” mənbələri qeyd edib ki, zavodun fəaliyyətinin bərpası bir neçə həftədən bir neçə aya qədər çəkə bilər.
Avqustun əvvəlindən bəri Ukraynanın zərbələrindən sonra ən azı dörd neft emalı zavodu xam neftin emalını dayandırıb. Orenburq vilayətindəki Orsknefteorgsintez neft emalı zavodu, Tümen vilayətindəki Zapsibneftexim neft emalı zavodu, eləcə də Saratov və Volqoqrad neft emalı zavodları sıradan çıxarılıb.
Hazırda Rusiyanın ən azı 16 bölgəsinin sakinləri yenidən yanacaqdoldurma məntəqələrində növbələrdən və yanacaq satışına qoyulan məhdudiyyətlərdən şikayətlənirlər. Bəzi bölgələrdə “Qazprom” və “Lukoil” AI-92 və AI-95 benzininin satışını dayandırıblar.
“AzPolitika.info”

Şərhlər