Uzun illər coğrafi-iqtisadi blokada şəritində yaşaması və yerli idarəetmədəki müəyyən problemlərin yaratdığı çətinliklər səbəbindən mərkəzin maliyyə təminatına möhtac qalan Naxçıvan Muxtar Respublikası (NMR) köklü iqtisadi transformasiya mərhələsinə qədəm qoyur. Dövlət başçısının bölgəyə ayırdığı 258 milyon manatlıq investisiya paketi, tətbiq edilən 10 illik vergi güzəştləri və Zəngəzur dəhlizi layihəsi regionun iqtisadi xəritəsini tamamilə dəyişir.

NMR-ın iqtisadi mənzərəsinə nəzər saldıqda, uzun illər davam etmiş yerli idarəetmənin fəsadları açıq görünür. Naxçıvanın yerli gəlirləri muxtar respublikanın minimum xərclərini belə örtməyə kifayət etmirdi.

Büdcə göstəricilərinə diqqət yetirsək, Naxçıvanın illik büdcə xərcləri orta hesabla 500–600 milyon manat civarında olduğu halda, bunun 350–400 milyon manatdan çoxu, yəni təxminən 70%-i məhz mərkəzi büdcədən ayrılan dotasiya (maliyyə yardımı) hesabına təmin edilirdi. Vergi və gömrük daxilolmalarındakı şəffaflıq problemləri Muxtar Respublikanı ölkə iqtisadiyyatında faktiki olaraq "mərkəzin təminatında olan bölgə" statusunda saxlayırdı.

Bu disbalans ölkənin Ümumi Daxili Məhsulunda (ÜDM) da özünü birbaşa göstərirdi. Azərbaycanın ümumi ÜDM-də Naxçıvanın payı illər boyu cəmi 2,5 - 3 faiz ətrafında tərəddüd edib. Sənaye və kənd təsərrüfatı potensialının reallaşdırılmaması, sahibkarlığın qarşısındakı süni maneələr, investisiya mühitinin darlığı və infrastrukturun köhnəlməsi Naxçıvanın özünütəminat səviyyəsini minimuma endirmişdi. Dövlətin hər il yüz milyonlarla manat dotasiya ayırmasına baxmayaraq, bu vəsaitlər real iqtisadiyyatın bərpasına deyil, daha çox cari xərclərin örtülməsinə yönəlirdi.

Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı bölgənin inkişaf priorotetlərini göstərdi və vacib layihələrin təmaltma mərasimlərinə qatıldı.

Dövlət başçısı dünən AzTV-yə verdiyi müsahibədə vurğulayıb ki, Naxçıvan artıq dotasiyadan asılı olan deyil, özü gəlir yaradan, ölkə iqtisadiyyatına tam inteqrasiya edən bir regiona çevrilməlidir: “Yəni bununla yanaşı, əlavə tədbirlərin görülməsi üçün sabah mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq. Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək. Əlbəttə, lazımi nəzarət də təmin ediləcək ki, burada işlər daha da sürətlə getsin”.

Prezidentin bu sözləri aydın mesaj idi: dövlət Naxçıvana böyük həcmdə maliyyə ayırır, lakin bu vəsaitlər konkret, ölçülə bilən layihələrə xərclənəcək və üzərində sərt dövlət nəzarəti mexanizmi qurulacaq. Dövlət başçısı eyni zamanda Naxçıvanın kənd təsərrüfatı və "yaşıl enerji" potensialına diqqət cəkərək, Muxtar Respublikanın Zəngəzur dəhlizi çərçivəsində regional logistika və enerji habına çevriləcəyini bəyan etdi.

Prezidentin anonsunu verdiyi və dərhal imzalanan Sərəncamla Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün dövlət büdcəsindən və Muxtar Respublikanın büdcəsindən ümumilikdə 258 milyon manat ayrıldı.

Bu vəsait birbaşa nöqtəvi layihələrin icrasına yönəldilib:

-Yol infrastrukturu və nəqliyyat qovşaqları (70 milyon manat): mumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 17 avtomobil yolunun (2 kəndlərarası, 5 şəhər və 10 kənd içi yol) əsaslı təmiri üçün Naxçıvan MR Nazirlər Kabinetinə 70 milyon manat ayrılıb.

-Yaşıl enerji və elektrik generasiyası (66milyon manat): Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin başa çatdırılması üçün “Azərenerji” AŞ-yə 66 milyon manat vəsait yönəldilib.

-Şəhərlərarası nəqliyyat parkının yenilənməsi (53milyon manat): Naxçıvanın daxili marşrut və şəhərlərarası ictimai nəqliyyat infrastrukturunu müasirləşdirmək məqsədilə ilkin mərhələdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53 milyon manat ayrılıb.

-Ali təhsil və insan kapitalı (25 milyon manat): Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik müasir yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat verilib.

-Məktəbəqədər təhsil müəssisələri (20 milyon manat): Naxçıvan şəhərinin Bulqan, Ordubadın Dəstə, Şərur şəhəri, Culfanın Əbrəqunus və Kəngərlinin Qarabağlar kəndlərində ümumilikdə 640 yerlik 5 yeni uşaq bağçasının tikintisi üçün Naxçıvan MR Nazirlər Kabinetinə 20 milyon manat ayrılıb.

-Mənzil fondu və şəhərsalma (15milyon manat): Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuzda 2164 mənzilli 92 yaşayış binasının tam, 3087 mənzilli 70 binanın isə fasad hissəsinin əsaslı təmiri üçün müvafiq icra hakimiyyətlərinə 15 milyon manat ayrılıb.

-Kommunal və istilik təminatı (9 milyon manat): Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 5335 mənzilə xidmət edən 45 istilik qazanxanasının əsaslı təmiri üçün yerli icra hakimiyyətlərinə 9 milyon manat vəsait veriləcək.

Naxçıvana ayrılan 258 milyon manatlıq vəsait sadəcə inzibati xərclərin maliyyələşdirilməsi deyil, Muxtar Respublikanın iqtisadi modelinin kökündən dəyişdirilməsinə xidmət edən strateji dəstəkdir. Tətbiq edilən 10 illik vergi azadlığı, qurulan Azad İqtisadi Zona və reallaşmaqda olan Zəngəzur dəhlizi Naxçıvanı dotasiya alan zəif halqadan çıxarıb, Azərbaycanın ən dinamik inkişaf edən sənaye, enerji və logistika mərkəzlərindən birinə çevirir. Yaxın illərdə bu siyasətin nəticəsi olaraq Naxçıvanın daxili gəlirlərinin kəskin artması və mərkəzi büdcədən asılılığın minimuma enməsi qaçılmazdır.

Əlbəttə, Naxçıvanın dotasiya asılılığına son qoymaq üçün yalnız dövlət büdcəsindən vəsait ayırmaq kifayət etməzdi; buraya xüsusi özəl kapitalın və xarici investisiyaların cəlb edilməsi üçün geniş miqyaslı güzəştlər paketi işə salınıb. Məlum olduğu kimi Naxçıvanda vergi uçotunda olan və istehsalatla məşğul olan rezidentlər tam 10 il müddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad ediliblər. Eyni zamanda, istehsalat üçün gətirilən xammal, texnika və avadanlıqlar ƏDV-dən azad olunur, hüquqi şəxslərin dividend gəlirlərinə vergi tətbiq edilmir. Bu addım Naxçıvanı regionun en cazibədar vergi sığınacağına və istehsal mərkəzinə çevirir.


Naxçıvan Sənaye Parkının genişləndirilməsi və Azad İqtisadi Zonanın qurulması daxili emal sənayesini dirçəltməyi planlaşdırır. Türkiyə və İranla həmsərhəd olan Muxtar Respublika bu zona vasitəsilə istehsal olunan məhsulların birbaşa xarici bazarlara gömrük-rüsum basqısı olmadan çıxarılmasını təmin edəcək. Zəngəzur dəhlizinin açılması Naxçıvanın uzunillik coğrafi izolyasiyasına tam olaraq son qoyur. Naxçıvan dəmir yolu xəttinin (194,2 km) bərpası və magistralların yenilənməsi nəticəsində Muxtar Respublika Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində strateji logistik haba çevrilir. Bu dəhliz yalnız yükdaşımalardan milyonlarla manat tranzit gəliri gətirməyəcək, eyni zamanda Naxçıvanın elektrik enerjisinin (o cümlədən Tivi SES və günəş stansiyalarının "yaşıl enerjisinin") Türkiyə və Avropa bazarlarına nəqlinə imkan yaradacaq.

NMR-da reallaşdırılan bu genişmiqyaslı islahatlar göstərir ki, söhbət təkcə növbəti maliyyə yardımından və ya müvəqqəti sosial dəstək paketindən getmir. Dövlətin ortaya qoyduğu yeni strateji xətt Naxçıvanın onilliklər boyu formalaşmış qapalı iqtisadi modelini, dotasiya asılılığını və inzibati durğunluğunu birdəfəlik geridə qoymaq məqsədi daşıyır.

E.Rüstəmli

“AzPolitika.info”