Azərbaycan Prezidentinin Naxçıvana səfəri və burada Azərbaycan Televiziyasına verdiyi müsahibədə sələndirdiyi fikirlər ölkəmizin ayrılmaz parçası olan Muxtar Respublikanın əlverişli coğrafi mövqeyi və bundan irəli gələn iqtisadi potensialı mövzusunu yenidən gündəmə gətirdi. Bu mövzuya Prezident özü də müsahibəsində yer verdi və bu sahəyə dair problemləri səsləndirdi...
Məlum məsələdir ki, uzun illər blokadada olan Naxçıvana istər Ümummilli Lider Heydər Əliyev və istərsə də Prezident İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilib. Naxçıvanda həyata keçirilən mühüm sosial-iqtisadi layihələr bunun bariz göstəricisidir.
Lakin bununla yanaşı, bu bölgəmizin hələ də tam açılmayan və istifadə olunmayan potensialı, o cümlədən turizm potensialı qalmaqdadır. Doğrudur, son illərdə Naxçıvanın turizm imkanlarının tanıdılması və bu istiqamətdə yeni imkanların yaradılması üçün fəaliyyət gücləndirilib. Bu baxımdan Naxçıvanda turizm infrastrukturunun yaxşılaşdırılması, qış, kənd və ekoturizmin inkişaf etdirilməsi, turizm və rekreasiya zonalarının yaradılması, həmçinin bölgənin xarici auditoriyalarda tanıdılması istiqamətində 2025–2027-ci illəri əhatə edən fəaliyyət planının hazırlanması mühüm addımdır. Məsələn, Dövlət Turizm Agentliyi ötən il təşkil etdiyi mediaturda bölgənin eko, mədəni və sağlamlıq turizmi imkanlarını xüsusi diqqətə çatdırıb və onun təbliği üçün müəyyən işlər görüb. Lakin bu işlər sözügedən bölgəmizin real turizm imkanlarını hələ də tam aça bilməyib...
Bəli, Naxçıvan zəngin tarixi-mədəni irsi, özünəməxsus təbiəti və əlverişli coğrafi mövqeyi ilə seçilən regionumuzdur. Minilliklər ərzində müxtəlif sivilizasiyaların izlərini qoruyub saxlayan bu qədim diyar həm mədəni irs, həm ekoturizm, həm də sağlamlıq və kənd turizmi baxımından geniş imkanlara malikdir. Bu baxımdan bölgənin turizm brendinin daha fəal təbliği xüsusi əhəmiyyət daşıyır.

Məsələn, şimal və şimal-qərb rayonlarımızda, yaxud Qarabağımızda füsünkar təbiət mənzərələri varsa, Naxçıvanın da özünəməxsus təbiət gözəllikləri var. Üstəlik, bu bölgəmiz inanılmaz dərəcədə çoxsaylı, zəngin tarixi-mədəni irs nümunələrinə malikdir. Naxçıvan şəhərində yerləşən Möminə Xatın türbəsi, Naxçıvanqala, Xan Sarayı, Nuh Peyğəmbərin məzarüstü türbəsi və digər tarixi məkanlar bölgənin unikallığını, qədimliyini və memarlıq ənənələrini göstərir. Əlincə qalası, Əshabi-Kəhf ziyarətgahı, Yusif ibn Küseyir türbəsi, İmamzadə kompleksi və Hüseyn Cavid məqbərəsi də turistlərin maraqla qarşıladığı məkanlardır. Dövlət Turizm Agentliyinin materiallarında bu məkanlar Naxçıvanın əsas turizm əhəmiyyətli obyektləri kimi təqdim olunur. Lakin bu siyahını daha da genişləndirmək, turizm marşrutlarını şaxələndirmək olar.
Bu abidələr yalnız tarixi obyekt deyil, həm də Azərbaycanın milli-mədəni kimliyinin mühüm elementləridir. Onların turizm marşrutlarına daxil edilməsi ziyarətçilərə Naxçıvanın tarixini ardıcıl şəkildə öyrənmək imkanı və ölkəmizin tarixi irsinin təbliğinə şərait yaradır.

Naxçıvanın dağlıq relyefi və müxtəlif landşaftları ekoturizmin inkişafı üçün də əlverişlidir. Bu istiqamətdə də yeni layihələrə ehtiyac var. Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində yerləşən Batabat yaylağı və Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi xüsusilə diqqət çəkir. Batabatın dağ mənzərələri, yaylaqları və yürüş imkanları həm yerli, həm də xarici turistlər və təbiətsevərlər üçün cəlbedici məkanlara çevrilə bilər. Ötən il təşkil olunan mediatur çərçivəsində də Batabatda haykinq marşrutları və Ağbulaq bölgəsinin turizm imkanları təqdim edilmişdi. Bu təcrübənin daha da yayğınlaşdırılmasına və beynəlxalq müstəvidə təbliğinə ehtiyac var.

Hazırda dünya turizmində trendə çevrilən dağlıq ərazilərdə yürüş, foto-turizm, kənd həyatı ilə tanışlıq və düşərgə turizminin inkişaf etdirilməsi Naxçıvanın turizm potensialının açılmasına kömək edə bilər. Məsələn, Naxçıvanın turizm xəritəsində Ordubadın xüsusi yeri var. Tarixi şəhər mühiti, qədim memarlıq nümunələri, bağları, təbiəti və özünəməxsus mətbəxi Ordubadı həm mədəni, həm də qastronomik turizm baxımından maraqlı istiqamətə çevirir.
Kənd turizminin inkişafı isə Naxçıvanın regionlarına yeni iqtisadi imkanlar qazandıra bilər. Turistlərin kənd evlərində qalması, yerli təsərrüfatlarla tanış olması, milli mətbəxin hazırlanmasında iştirak etməsi və yerli məhsulları dadması bölgənin turizm təcrübəsini gücləndirə bilər. Belə yanaşma kənd əhalisinin gəlirlərinin artmasına və yerli məhsulların daha geniş bazara çıxmasına da xidmət edər.

Naxçıvanın digər mühüm üstünlüyü, onun uzunömürlülər diyarı olmasıdır. Hazırda belə məkanlar dünya turizmində ən cəlbedici istiqamətlər kimi seçilir. Bu baxımdan bir avropalı turistin minlərlə kilometr yol qət edərək getdiyi Tibet və digər ərazilərə alternativ və yaxın məkan kimi Naxçıvanın kifayət qədər ciddi potensialı var. Bunu şərtləndirən bu bölgəmizin sağlamlıq turizmi üçün təbii resurslarının zənginliyidir. Duzdağ bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Duzdağın təbii mühiti və burada formalaşmış müalicə-sağlamlıq infrastrukturu xarici turizm üçün cəlbedicidir. Lakin onu daha cəlbedici etmək mümkündür.
Bundan əlavə, Badamlı və digər mineral su mənbələri, Batabat və dağlıq ərazilərin iqlim xüsusiyyətləri sağlamlıq və istirahət turizminin inkişafı üçün imkan yaradır. Dövlət Turizm Agentliyinin sağlamlıq turizmi üzrə hesabatında Naxçıvanın mineral suları, iqlimi, dağ gölləri və rekreasiya ehtiyatları bu istiqamətin inkişafı üçün mühüm resurslar kimi qiymətləndirilir. Lakin yalnız qiymətləndirmə ilə iş bitmir. Bu potensialdan lazımi səviyyədə istifadə olunması, investisiya cəlb edilməsi, reklam və təbliğat işlərinin aparılması gərəkdir. Məhz sağlamlıq turizminin inkişafı turistlərin bölgədə daha uzun müddət qalmasına, sanatoriya və istirahət xidmətlərinə tələbatın artmasına və yerli iqtisadiyyatın canlanmasına şərait yarada bilər.
Naxçıvanın turizm potensialının tam reallaşdırılması üçün yalnız mövcud abidələrin və təbii məkanların tanıdılması kifayət deyil. Müasir turist üçün rahat nəqliyyat, keyfiyyətli yerləşmə, peşəkar bələdçi xidməti, rəqəmsal informasiya, vahid turizm marşrutları və müxtəlif qiymət kateqoriyalarına uyğun xidmətlər də vacibdir.

Bütün bunlara ölkə başçısı Naxçıvanda verdiyi müsahibədə toxunub və problemləri qeyd edib: “Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq”.
Bəli, görüləsi işlər hələ çoxdur. Turizm sahəsində Naxçıvanla bağlı əsas məqsəd onun turizm potensialını qorumaqla yanaşı, bu potensialı müasir turistin tələblərinə uyğun turizm məhsullarına çevirməkdir. İnfrastrukturun inkişafı, peşəkar kadr hazırlığı, rəqəmsal tanıtım, yerli icmaların turizm fəaliyyətinə cəlb edilməsi və beynəlxalq bazarlara çıxış Naxçıvanı gələcəkdə Azərbaycanın aparıcı turizm istiqamətlərindən birinə çevirməlidir.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər