Turist bölgəyə gəlir, bir gecə qonaq evində qalır, səhər kənd səhər yeməyi edir, yerli məhsul alır, bələdçi ilə dağlara çıxır, taksidən istifadə edir və evinə qayıdır. Bir turistin xərclədiyi pul beləliklə bir deyil, bir neçə ailənin gəlirinə çevrilir. Deməli, kənddəki kiçik bir qonaq evi əslində yalnız yerləşmə yeri deyil, ətrafında yeni iqtisadi imkanlar yaradan kiçik bir biznes mərkəzi ola bilər.

Məhz bu baxımdan Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə, o cümlədən kənd qonaq evlərinə dövlət dəstəyinin artırılması mühüm addım sayıla bilər. Bu istiqamət  “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsində də nəzərdə tutulub. Proqram hələ təsdiqlənməsə də, burada nəzərdə tutulan yanaşma Azərbaycanın bölgələrində turizmin inkişafı ilə yanaşı, yeni biznes və məşğulluq imkanları yarada bilər.

İndiki halda əsas sualı “Qonaq evlərinə nə qədər dəstək veriləcək?” yox, “Verilən dəstək necə daha çox gəlir, daha çox turist, daha çox iş yeri və daha çox yerli biznes yarada bilər?” olmalıdır.

Dövlət Turizm Agentliyinin məlumatına görə, hazırda kənd qonaq evlərinin dəstəklənməsi istiqamətində müxtəlif mexanizmlər tətbiq olunur. Bunlardan biri “Turistik kənd” layihəsidir. Dövlət Turizm Agentliyi ilə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin məqsədlərindən biri kənd sakinlərini turizm fəaliyyətinə cəlb etmək, onların özünüməşğulluq imkanlarını artırmaq və qonaq evlərinin xidmət səviyyəsini yüksəltməkdir. “Aqroturizm” zərfi çərçivəsində indiyədək 12 kənd qonaq evi müvafiq avadanlıqlarla təmin edilib.

Amma bu 12 rəqəminə yalnız “12 evə yardım göstərilib” kimi baxmaq düzgün olmaz. Çünki bir qonaq evinin fəaliyyəti birbaşa və dolayı yolla daha çox insan üçün gəlir mənbəyi yarada bilər. Başqa sözlə, turist kəndə gəlir, gecələyir, yemək yeyir, yerli məhsul alır, bələdçi tutur, nəqliyyatdan istifadə edir, əl işi və suvenir alır. Deməli, qonaq evinə gələn bir turist əslində kənddəki bir neçə başqa kiçik biznes üçün də müştəriyə çevrilir. Bu səbəbdən qonaq evlərinə dövlət dəstəyinə yalnız sosial layihə və ya sahibkara verilən avadanlıq kimi baxmaq doğru deyil. Bu, düzgün qurulduğu halda, region iqtisadiyyatına qoyulan investisiyadır.

Avropa təcrübəsi və yeni yanaşmalar

Xarici təcrübə də göstərir ki, kiçik turizm biznesini böyütmək üçün təkcə pul və avadanlıq kifayət etmir. Avropada mikro və ailə turizmi müəssisələrinə maliyyə ilə yanaşı, biznes məsləhətləri, marketinq, rəqəmsal xidmətlər, təlim və mentorluq da təqdim olunur. Məsələn, EuroCluster Rural Tourism layihəsi çərçivəsində 17 ölkədə 188 mikro və nano turizm müəssisəsinə dəstək göstərilib. Məqsəd sahibkara sadəcə resurs vermək deyil, onun daha dayanıqlı və rəqabətqabiliyyətli biznes qurmasına kömək etməkdır.Azərbaycan üçün də məhz bu yanaşma maraqlı ola bilər. Çünki bölgədə qonaq evi açan sahibkarın əsas problemi bəzən yataq, mebel və ya digər avadanlıq olmur. Daha böyük problem həmin evi gəlir gətirən biznesə çevirməkdir. 

Burada bir neçə aktual sual yaranır:

- Otağın qiyməti necə müəyyənləşdirilməlidir?

-Turist haradan tapılmalıdır?

-Sosial şəbəkə necə satış kanalına çevrilə bilər?

-Xarici turistlə necə işləmək lazımdır?-

Onlayn rezervasiya necə qurulmalıdır?

-Mövsüm bitəndə müştəri necə cəlb edilməlidir?

Bunlar kiçik sahibkar için bəzən yeni mebeldən daha vacib məsələlərdir. Ona görə gələcək dövlət dəstəyinin “avadanlıq verək və məsələ bitsin” modelindən daha geniş qurulması məqsədəuyğun olardı. Məsələn, kiçik sahibkarlar üçün “turizm vauçeri” mexanizmi tətbiq edilə bilər. Sahibkar həmin vauçerdən biznes məsləhətçisi, marketinq mütəxəssisi, fotoqraf, veb-dizayner, mühasib və ya xarici dil üzrə təlim xidməti almaq üçün istifadə edə bilər. Belə olduqda dövlət sahibkarın yerinə biznes qurmur, ona daha yaxşı biznes qurmaq üçün imkan yaradır.

Rəqəmsallaşma və vahid turizm məhsulu

Digər vacib məsələ rəqəmsallaşmadır. Bu gün turist üçün yaxşı qonaq evi yalnız rahat otaq demək deyil. Turist həmin evi internetdə tapa bilməli, şəkillərinə baxmalı, qiyməti bilməli, rəyləri oxumalı və bir neçə dəqiqə ərzində rezervasiya edə bilməlidir. Kiçik qonaq evlərinin isə bu imkanları hər zaman olmur.

Bu baxımdan bölgələrdə fəaliyyət göstərən qonaq evlərini vahid rəqəmsal platformada birləşdirmək faydalı ola bilər. Turist bir platformaya daxil olur, kəndi seçir, qonaq evlərini müqayisə edir, qiymətə baxır, əlavə xidmətləri görür və rezervasiya edir. Amma məsələ bununla da bitmir. Dövlət ayrı-ayrı qonaq evlərini dəstəkləməklə yanaşı, sahibkarların birlikdə turizm məhsulu yaratmasını da təşviq edə bilər.

Təsəvvür edək ki, bir kənddə beş qonaq evi var. Bir sahibkar yerləşmə xidməti göstərir, digəri turistləri kəndə gətirir, üçüncüsü bələdçilik edir, fermer yerli məhsullarını satır, başqa bir ailə isə turistlər üçün kənd yeməkləri hazırlayır. Bunların hər biri ayrıca kiçik biznesdir. Amma birlikdə artıq bir turizm məhsuludur. Məsələn, Qaxın İlisu kəndinə gələn turistə sadəcə “otaq” satmaq əvəzinə “İlisu təcrübəsi” təklif etmək olar: qonaq evində gecələmə, kənd səhər yeməyi, dağ yürüşü, yerli bələdçi, kənd mətbəxi və yerli məhsullarla tanışlıq. Bu zaman turistin bölgədə qalma müddəti uzanır, xərclədiyi vəsait artır və həmin pulun daha böyük hissəsi yerli iqtisadiyyatda qalır.

Yaponiyanın regional turizm təcrübəsində də oxşar yanaşmalar tətbiq olunur. Burada əsas məqsəd yalnız bir hotel və ya qonaq evini inkişaf etdirmək deyil, bütöv turizm məkanını formalaşdırmaqdır. 

Azərbaycan üçün bundan maraqlı bir model çıxarmaq mümkündür: “Bir kənd - bir turizm brendi”.

* Laza – dağ və macəra turizmi;

* İlisu – təbiət və kənd həyatı;

* Sarıbaş – etno və dağ turizmi;

* İvanovka – kənd həyatı və qastronomiya.

Belə olduqda turistə “burada qalmağa yer var” demirik, ona “burada yaşaya biləcəyin bir təcrübə var” deyirik. Bu fərq turizmdə çox vacibdir.

Əsas hədəf: İqtisadi dəyərin artırılması

Çünki Azərbaycanın bölgələrində turist üçün lazım olan resursların böyük hissəsi onsuz da var: təbiətimiz, tariximiz, milli mətbəximiz, kənd həyatımız, yerli məhsullar, sənətkarlıq və folklorumuz mövcuddur. Əsas məsələ bunları ayrı-ayrı xidmətlərdən vahid və satıla bilən turizm məhsuluna çevirməkdir.

Dövlət dəstəyinin nəticəsini də yalnız “neçə sahibkara yardım edildi?” sualı ilə ölçmək düzgün olmaz. Əsas göstəricilər aşağıdakılar olmalıdır:

-Turistlərin gecələmə sayı;

-Qonaq evlərinin doluluğu;

-Yaradılan yeni iş yerləri;

-Turistin bölgədə orta xərci;

-Yerli məhsulların turizm zəncirinə cəlb olunması;

-Mövsümdənkənar dövrdə turist sayının artması.

Çünki turizmdə əsas məsələ yalnız turist sayını artırmaq deyil. Əsas məsələ turistin yaratdığı iqtisadi dəyəri artırmaqdır. Məsələn, 1000 turistin bir gecə qalmasındansa, 600 turistin iki-üç gecə qalması və daha çox yerli xidmətlərdən istifadə etməsi region için daha böyük iqtisadi nəticə yarada bilər.

Bu səbəbdən qarşıdakı dövrdə mikro və kiçik sahibkarlara dəstək mexanizmləri hazırlanarkən maliyyə və avadanlıqla yanaşı, biznes məsləhəti, peşə hazırlığı, rəqəmsallaşma, marketinq və yeni turizm məhsullarının yaradılmasına da diqqət yetirilməlidir. Ən əsası isə dövlət dəstəyi sahibkar üçün daimi yardım deyil, biznesin ayağa qalxması üçün başlanğıc imkan olmalıdır. Sahibkar həmin dəstəkdən istifadə edərək gəlir yaratmalı, iş yeri açmalı, müştəri bazası formalaşdırmalı və müəyyən müddətdən sonra dövlət dəstəyindən asılı olmadan fəaliyyət göstərməlidir.

Əslində, Azərbaycanın bölgələrində turizmi böyütmək için hər yerdə böyük hotellərə və milyonlarla manatlıq investisiyalara ehtiyac yoxdur. Bəzən bir kənd evinin keyfiyyətli qonaq evinə çevrilməsi, bir ailənin turizm biznesinə qoşulması, bir gəncin peşəkar bələdçi kimi fəaliyyətə başlaması, bir fermerin məhsulunu turistə satması kifayət qədər böyük iqtisadi zəncir yarada bilər.

Ona görə də qarşıdakı dövrdə məqsəd sadəcə daha çox qonaq evi yaratmaq deyil, daha çox qazanan qonaq evi, daha uzun qalan turist və turizmdən daha çox gəlir əldə edən kənd yaratmaq olmalıdır. Çünki turizm turistin bölgəyə gəlməsi ilə bitmir. Əsl uğur turistin gətirdiyi pulun bölgədə qalması, yerli sahibkara, fermerə, bələdçiyə, ailəyə və gəncə gəlir gətirməsi ilə başlayır.

Kiçik sahibkarı böyütmək, əslində, bölgənin iqtisadiyyatını böyütməkdir.

Çinarə Ağayeva

Biznes məsləhətçisi

"AzPolitika.info"