Yay aylarında Bakının daşınmaz əmlak bazarında mövsümi aktivliyin artması, urbanizasiya və tələbə axını ilə əlaqədar mənzil qiymətlərində yüksəliş tendensiyası davam edir.
"AzPolitika" “Yeni Sabah”a istinadla bildirir ki, qiymətlərin ən çox artdığı və yüksək tələbatın qorunduğu rayonlar aşağıdakılardır:
Hazırda Yasamal və Nərimanov rayonlarında yeni tikililərə və nəqliyyat infrastrukturuna yüksək tələbat səbəbindən həm alqı-satqı, həm də kirayə bazarında qiymət artımına görə ön sıralarda qərarlaşır. Sözügedən rayonlarda mənzillərin 1 kvadratmetrinin ortalama qiymətləri binanın tipindən, yerləşdiyi mikroməkandan və təmir vəziyyətindən asılı olaraq dəyişir.
Yasamal rayonunda kvadratmetrin orta qiyməti 2 000 – 3 200 AZN aralığında təklif olunur. Yeni Yasamal və Dairəvi yol ətrafındakı yaşayış komplekslərində təmirsiz və ya orta təmirli mənzillərin 1 m²-i 1 800 – 2 300 AZN təşkil etdiyi halda, Elmlər Akademiyası, İnşaatçılar və Nizami metrostansiyalarının yaxınlığındakı tam təmirli yeni tikililərdə bu göstərici 2 600 – 3 500 AZN və daha yuxarı hədlərə çatır.
Nərimanov rayonunda qiymətlər bir qədər də mərkəzi statusa malik olduğuna görə daha yüksəkdir və orta hesabla 2 400 – 3 800 AZN aralığında dəyişir. Köhnə layihəli mənzillərdə (Xruşovka, Fransız və s.) kvadratmetr qiyməti 2 200 – 2 700 AZN arasında qərarlaşır. Nərimanov və Gənclik metrostansiyalarının ətrafı, həmçinin Heydər Əliyev prospektinə yaxın premium binalarda isə yeni tikili mənzillərin 1 kvadratmetri 2 800 – 4 000+ AZN aralığında qiymətləndirilir.
Təmirsiz (podmoyak) mənzillər göstərilən orta qiymətlərdən 200 – 400 AZN daha ucuz, tam təmirli və əşyalı mənzillər isə yuxarı həddə yaxın və ya ondan baha təklif edilir.
Ənənəvi olaraq, paytaxt ərazisində ən bahalı mənzil qiymətləri isə Səbail rayonunda, xüsusilə də Neftçilər prospekti və Fəvvarələr meydanı çevrəsidir. Bu ərazilərdə yerləşən binalarda mənzillərin 1 kvadratmetrinin orta qiyməti 9 500 – 9 650 AZN civarındadır.
Konkret yaşayış kompleksləri və rezidensiyalar səviyyəsində götürdükdə isə mərkəzdə yerləşən "Port Baku Residence", "JW Marriott Absheron Residences" və "Gumush Residence" kimi premium layihələrdə kvadratmetr qiymətləri 5 500 – 6 500 AZN arasında dəyişir. Dənizkənarı xüsusi konsepsiyalı binalarda və ya elit rezidensiyalarda (məsələn, "Sea Breeze"in tərkibindəki eksklüziv layihələrdə) 1 kvadratmetrin qiyməti 15 000 – 16 800 AZN-ə qədər yüksələ bilir.

Şərhlər