Dünyada okeanların tarixdə ilk dəfə bu qədər sürətlə isinməsi alimlərin ciddi narahatlığına səbəb olub. Bu proses artıq Avropada rekord istilər, quraqlıq, meşə yanğınları və su çatışmazlığı ilə müşayiət olunur. Mütəxəssislər hesab edirlər ki, qlobal iqlim dəyişikliyinin təsirləri Azərbaycandan da yan keçməyəcək və su ehtiyatları, kənd təsərrüfatı, eləcə də Xəzər dənizi üzərində təzyiq daha da arta bilər.

Azərbaycan iqlim böhranının mümkün nəticələrinə hazırdırmı? Bu risklərin qarşısını almaq üçün indidən hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən ekoloq Cavid Hüseynov deyib ki, qlobal iqlim dəyişikliyi fonunda okeanların və daxili su hövzələrinin tarixdə görünməmiş sürətlə isinməsi bütün dünyada olduğu kimi, Azərbaycan üçün də hidroekoloji və iqtisadi risklər yarada bilər.

Onun sözlərinə görə, ölkəmiz qlobal böhrana qarşı müəyyən institusional addımlar atsa da, iqlim risklərinə qarşı tam dayanıqlılıq əldə etmək üçün daha çevik, elmi əsaslı və fundamental islahatların aparılmasına zərurət vardır: “Xüsusilə Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, su ehtiyatlarından səmərəli istifadəyə dair Dövlət Proqramlarının icrası, həmçinin İlkin Milli Uyğunlaşma Planı (NAP) və digər çərçivə layihələrinin tətbiqindən sonra ölkədə iqlim idarəçiliyini, institusional məlumatlılığı və strateji planlaşdırmanı əhəmiyyətli dərəcədə sürətləndirmişdir.

Buna baxmayaraq, müasir iqlim dəyişmələrinin regional təsirlərinin artması nəticəsində yaranan transsərhəd su qıtlığı, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi, torpaqların ikincili şorlaşması və Xəzər dənizinin səviyyəsinin sürətlə azalması ölkənin ərzaq, su və ümumi iqtisadi-ekoloji təhlükəsizliyini birbaşa təhdid edir”.

Ekoloq hesab edir ki, iqlim böhranının təsirlərini minimuma endirmək və mövcud risklərin qarşısını almaq məqsədilə su ehtiyatlarının səmərəli idarə olunması, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, Xəzər dənizinin və sahil ekosistemlərinin qorunması, fövqəladə hallara hazırlığın və risk qiymətləndirilməsi sisteminin gücləndirilməsi, qabaqcıl meteoroloji proqnozlaşdırma və erkən xəbərdarlıq sistemlərinin genişləndirilməsi, həmçinin “yaşıl” enerjiyə keçidin sürətləndirilməsi kimi strateji addımların atılması zəruridir.


Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov isə modern.az-a açıqülamasında qeyd edib ki, hazırkı şəraitdə həm Xəzər dənizinin səviyyə dəyişmələrinin müasir vəziyyəti, eləcə də hidrodinamik iqlim modellərinə əsasən aparılan tədqiqatlar göstərir ki, əsrin sonuna qədər temperaturun artması və antropogen amillərin güclənməsi davam edərsə, Xəzərin səviyyəsinin xeyli aşağı düşməsi gözlənilir.

“Müxtəlif ssenarilərə görə, əgər Paris Sazişinə riayət olunarsa, səviyyə 8-9 metr, əgər heç bir məhdudiyyət tətbiq edilməzsə, bəzi proqnozlara əsasən 18 metr, hətta 20-21 metrədək aşağı düşə bilər. Bu isə müxtəlif ərazilərdə fərqli təsirlər yaradacaq.

Məsələn, Xəzərin Azərbaycan sahillərində dəniz təxminən 20-30 kilometr geri çəkilə, quruya bilər. Yəni bu gün Bakı bulvarından dənizi gördüyümüz halda, proses bu templə davam edərsə, gələcəkdə bulvardan dənizi görmək üçün çox uzun məsafə qət etmək lazım gələ bilər. Bu isə, təbii ki, ciddi narahatlıq doğurur”,  - deyə o, bildirib.


Səid Səfərov bildirib ki, sözügedən vəziyyət yalnız iqlim dəyişmələrinin indiki sürətlə davam etməsi və antropogen təsirlərin artması halında mümkün ola bilər: “Son illər təsərrüfat və suvarma məqsədləri üçün götürülən suyun həcmi artır və bu da Xəzərə tökülən çayların gətirdiyi suyun azalmasına səbəb olur. Digər tərəfdən, temperaturun yüksəlməsi dənizdə buxarlanmanı artırır.

Üçüncü bir amil də son tədqiqatlarla müəyyənləşdirilib. Bundan əlavə, külək rejiminin dəyişməsi də Xəzərin səviyyə dəyişmələrinə buxarlanma yolu ilə ciddi təsir göstərir”.

O, həmçinin vurğulayıb ki, bu proseslər indiki templə davam edərsə, Xəzəri və sahilyanı ölkələri böyük təhlükə gözləyir: “Əgər Xəzəryanı dövlətlərin və bütövlükdə dünya ölkələrinin birgə səyi ilə qlobal istiləşmənin qarşısı alınarsa və çaylar üzərində antropogen təsirlər azaldılarsa, verilən proqnozlar müəyyən qədər yumşala bilər. Əks halda, bu laqeydlik çox ciddi və mənfi nəticələrə gətirib çıxara bilər”,

Oğuz Ayvaz

AzPolitika.info