Azərbaycanda mənzil sahibi olmaq bir çox ailə üçün hələ də ən çətin maliyyə hədəflərindən biri olaraq qalır. İpoteka kreditlərində faiz dərəcələri, ilkin ödəniş tələbləri və məhdud maliyyələşdirmə imkanları vətəndaşların seçimlərini xeyli azaldır. Bu vəziyyət mənzil bazarında alıcılıq qabiliyyətinə də birbaşa təsir göstərir. Kreditlərin daha əlçatan olması həm vətəndaşlar, həm də bazarın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Mənzil kreditlərinin daha əlçatan olması üçün ilk növbədə hansı dəyişikliklər edilməlidir?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, ipoteka kreditləri ilə bağlı məsələlər hər zaman müzakirə mövzusu olub və bu gün də aktuallığını qoruyur.
Onun sözlərinə görə, bu sahə kifayət qədər həssasdır və ipoteka kreditlərinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş tələblərin bir hissəsi obyektiv meyarlara əsaslansa da, bəzi yanaşmalar daha çox subyektiv xarakter daşıyır:
“İpoteka kreditlərinin faiz dərəcələri və ilkin ödəniş məbləği ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu məsələlər üzrə qərarlar qəbul edilməzdən əvvəl geniş bazar araşdırmaları və təhlillər aparılmalıdır. Müşahidələr göstərir ki, il ərzində ipoteka kreditləri üçün ayrılan vəsait demək olar ki, tam həcmdə istifadə olunur. Bu isə ipoteka kreditlərinə tələbatın yüksək olduğunu və mövcud şərtlər çərçivəsində əlçatanlığın təmin edildiyini göstərir”.
Ekspert qeyd edib ki, bazarda müşahidə olunan qiymət artımları və iqtisadi göstəricilərdəki dəyişikliklər ipoteka şərtlərinə yenidən baxılması məsələsini aktuallaşdırsa da, o, Azərbaycanda tətbiq olunan ipoteka kreditləri üzrə faiz dərəcələrini yüksək hesab etmir: “Müqayisəni qonşu ölkələr, MDB məkanı və bəzi Şərqi Avropa dövlətləri ilə apardıqda görürük ki, ölkələr arasında iqtisadi şərait fərqlidir. Azərbaycanda ipoteka sistemində dövlət birbaşa iştirak edir. Dövlət dəstəyi olan digər ölkələrdə də faiz dərəcələrinin bir çox hallarda Azərbaycandan yüksək olduğunu müşahidə edirik. Əsas məqamlardan biri ilkin ödənişlə bağlı tələblərin vahid qaydada tənzimlənməsidir. Qanunvericilikdə minimum ilkin ödəniş həddi müəyyən edilməli və müvəkkil banklar bu həddi özbaşına artırmamalıdır.
Məsələn, minimum ilkin ödəniş 15 faiz müəyyən olunursa, bank sonradan bunu 30-35 faizə qaldıraraq vətəndaşın ipotekadan yararlanmaq imkanını məhdudlaşdırmamalıdır. Vətəndaş istəsə, könüllü şəkildə daha yüksək – 40 və ya 50 faiz ilkin ödəniş edə bilər. Amma bu, bankın məcburi tələbi olmamalıdır.”

Ekspert ipoteka kreditlərinin maksimum məbləğinin artırılması məsələsinə də ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb: “Hazırda güzəştli ipoteka üzrə maksimum kredit məbləği 100 min, adi ipoteka üzrə isə 150 min manatdır. Bu limitlərin əhəmiyyətli dərəcədə artırılması proqramın sosial mahiyyətinə mənfi təsir göstərə bilər. Əgər maksimum məbləğ, məsələn, 250 min manata qaldırılsa, ayrılan vəsait dəyişmədiyi halda bu proqramdan daha az sayda vətəndaş yararlana biləcək. Bu baxımdan ipoteka layihəsini sosial proqramdan kommersiya layihəsinə çevirməmək üçün belə qərarlara ehtiyatla yanaşmaq lazımdır.”
R.Osmanlı sonda əlavə edib ki, Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə davam etdirilir və bu istiqamətdə görülən tədbirlər əmək münasibətlərinin daha da şəffaflaşmasına səbəb olur: “Gəlirlərinin rəsmiləşdirilməsi genişləndikcə ipoteka kreditlərinə çıxış imkanları da tədricən yaxşılaşacaq. Mövcud iqtisadi şərait nəzərə alınmaqla ipoteka şərtlərində müəyyən nisbi dəyişikliklər etmək mümkündür. Bununla belə, bütün qərarlar sosial məqsədlər və bazarın real vəziyyəti nəzərə alınmaqla qəbul edilməlidir”.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər