Menu

Tanınmış məhbusların məhkəmələri başlayır

07.01.2015, 21:07
Tanınmış məhbusların məhkəmələri başlayır

Yanvarın 15-də Rəsul Cəfərovun, yanvarın 16-da isə İntiqam Əliyevin ilkin məhkəmə prosesi keçiriləcək

Həbsdə olan tanınmış məhbusların bəzilərinin istintaqı artıq yekunlaşıb. Belə ki, yanvarın 15-də hüquq müdafiəçisi Rəsul Cəfərovun, yanvarın 16-da isə Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) rəhbəri İntiqam Əliyevin ilkin məhkəmə prosesi keçiriləcək. Hər iki proses Bakı Ağır Cinayətlər Məhkəməsində olacaq.

Rəsul Cəfərovun məhkəməsi yanvarın 15-də saat 10:30-da başlayacaq. Məhkəmə prosesinə hakim Eldar İsmayılov sədrlik edəcək.

Rəsul Cəfərovun hüquqi nümayəndəsi Günay İsmayılova keçiriləcək məhkəmə prosesi ilə bağlı bunları deyib: “Məhkəmənin nə qərar verəcəyini əvvəlcədən demək çətindir. Müdafiə tərəfi olaraq, məhkəməyə sübutlar təqdim edəcəyik. Rəsul Cəfərovun özü hazırda müdafiəyə ciddi hazırlaşır”.

Qeyd edək ki, Rəsul Cəfərov ötən il avqustun 2-də həbs edilib. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Daha sonra onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub. "Human Rights Watch" təşkilatı Rəsul Cəfərovu vicdan məhbusu elan edib.

HMC-nin rəhbəri İntiqam Əliyevin məhkəməsi isə, yanvarın 16-da saat 11: 00-da başlayacaq. Məhkəmə prosesinin hakimi Rasim Sadıxovdur.

Hüquq müdafiəçisinin vəkili Fəxrəddin Mehdiyev musavat.com-a yanvarın 9-da İntiqam Əliyevlə görüşəcəyini bildirib: “Təbii ki, müdafiə tərəfi olaraq, məhkəmə ilə bağlı görəcəyimiz işlər var. Digər vəkillərlə birlikdə müzakirələr aparırıq. Yanvarın 9-da İntiqam Əliyevlə görüşəcəm. Bundan sonra, mətbuata geniş açıqlama verməyi düşünürük”.

Qeyd edək ki, İntiqam Əliyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol