Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin yanvar–iyul aylarında 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezidentin aylıq təqaüdünün ödənildiyini açıqladı.
Maraqlıdır, dövlət büdcəsindən ayrılan bu milyardlar vətəndaşın istehlak zəmbilini doldurmağa bəs edirmi? 5,7% proqnoz edilən illik rəsmi inflyasiya fonunda bu ödənişlər sosial müdafiədə nə qədər əhəmiyyətli rola malikdir?
DSMF-nin təqdim etdiyi 7 aylıq hesabatda qeyd olunur ki, 505 min nəfərə sosial müavinət olaraq 738 milyon manat ödənilib. Rəqəmləri böldükdə aylıq adambaşına düşən orta məbləğ təqribən 209 manat olur. Yaşa görə təyin olunan sosial müavinət də bu rəqəmə yaxındır -220 manat. Ölkədə rəsmi yaşayış minimumu və ehtiyac meyarının 300 manat olduğu, marketlərdə faktiki ərzaq inflyasiyasının 10-15% arasında hiss efdiıdiyi bir vaxtda, bu məbləğlə xərcləri qarşılamaq bir qədər çətin görünür.
Bununla belə, rəsmi statistikaya görə, ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 13%, təqaüdlər üzrə 14%, sosial sığorta hesabına müavinətlər üzrə isə 8% çox olub.
Bu artım dövlətin sosial yükünün və xərclərinin artdığını göstərir. Lakin 13-14%-lik artım belə, cari ilin qiymət artımları və xidmət tariflərinin qalxması fonunda vətəndaşın alıcılıq qabiliyyətini qoruya bilmir.
Həmçinin sosial sığorta müavinətlərinin cəmi 8% artması əmək bazarında sığortaolunanların real gəlirlərinin və maaş fondunun kəskin böyümədiyindən xəbər verir.
Hesabatda o da vurğulanır ki, ilin 7 ayında 86 min, 2019-cu ildən bu günədək isə 966 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv (vətəndaş müraciət etmədən) həyata keçirilib.
Bürokratik əngəllərin aradan qaldırılması, şəffaflıq və məmur müdaxiləsinin sıfırlanması baxımından bu, şübhəsiz ki, böyük nailiyyətdir. Lakin texnoloji uğur sosial problemi tam həll etmir. Avtomatik təyin olunan 220 manatlıq müavinət vətəndaşın qapısına növbəsiz çatsa da, marketdəki baha qiymətləri ucuzlaşdırmır.
Maliyyə Nazirliyinin illik inflyasiya proqnozunu 4,8%-dən 5,7%-ə qaldırması gösətrir ki, qarşıdakı dövrdə ən böyük çətinliklə məhz dövlətdən sosial müavinət alan kontingent qarşılaşa biər.
Mövcud mənzərə göstərir ki, pensiyalarla yanaşı, sosial müavinətlər də real inflyasiya göstəricisinə uyğun olaraq hər il avtomatik indeksasiya olunmalı və artırılmalıdır. Eyni zamanda minimum əməkhaqqı və minimum pensiya məbləğlərinə də yenidən baxılmalıdır. Şübhəsiz ki, 300 manatlıq ehtiyac meyarı bu günün bazar qiymətləri ilə adekvat deyil. Bu hədd də real istehlak səbəti əsasında qaldırılmalıdır. Paralel olaraq süni qiymət artımlarının qarşısı alınmalı, əsas kütləvi tələbat mallarının (un, yağ, kərə yağı, uşaq qidaları) idxalında ƏDV güzəştləri tətbiq edilməlidir.
Yekun olaraq, vurğulayaq ki, 1,3 milyard manatlıq sosial xərc büdcə üçün böyük rəqəmdir, lakin artan inflyasiya rəqəmlərinin yanında bu vəsait ilbəil kiçilir. Dövlətin sosial siyasəti vətəndaşların real alıcılıq qabiliyyətini qorumağa hədəflənməlidir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər