Xəbər verdiyimiz kimi, Rusiya Silahlı Qüvvələri avqustun 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə və Kiyev vilayətinə müxtəlif tipli ballistik və qanadlı raketlərlə kütləvi zərbələr endirib.
Xatırladaq ki, hücum nəticəsində 12 nəfər həlak olub, 33 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə əlaqədar avqustun 21-i Kiyevdə matəm günü elan edilib.
“Azpolitika” xəbər verir ki, bu barədə şəhər rəhbərliyi və Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Kiyev şəhər mer Vitali Kliçkonun verdiyi məlumata görə, əsas tələfat Solomenski rayonunda qeydə alınıb. Burada raket düşməsi nəticəsində 9 mərtəbəli yaşayış binasının 8 və 9-cu mərtəbələri tamamilə dağılıb, həlak olanların əksəriyyəti məhz bu binanın sakinləridir. Həmçinin yaxınlıqdakı 4 yaşayış binasının şüşələri sınıb, bir məktəb, uşaq xəstəxanasının korpusu və qarajlar zərər görüb. Başqa bir tibb müəssisəsinin pəncərələri dağılıb, yaxınlıqda park edilmiş avtomobillər yanıb.
Darnitski rayonunda qeyri-yaşayış və anbar binaları, Svyatoşinski rayonunda isə sənaye obyektlərindən biri vurulub, güclü yanğın baş verib.
Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, Brovarı rayonunda sənaye obyektinə endirilən zərbə nəticəsində 1 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, zərbələr Kiyev və vilayət ərazisindəki hərbi sənaye müəssisələrinə, nəqliyyat-logistika mərkəzinə və anbarlara endirilib. Moskva tərəfi "Fire Point" dron və raket zavodunun, "Ukrsjetsistems" şirkətinin anbar kompleksinin, "Antonov" aviasiya müəssisəsinin, habelə Brovarıdakı yanacaq-sürtkü materialları anbarının vurulduğunu iddia edir. Lakin bu məlumatların müstəqil mənbələr tərəfindən təsdiqi yoxdur.
Qeyd edək ki, Rusiya ordusu Kiyevə bu növdə kütləvi raket zərbələrini mütəmadi olaraq həyata keçirir.
Rasim
“AzPolitika.info”

Şərhlər