Rusiya Prezidenti Vladimir Putinin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harri Minx bəyan edib ki, Kreml prezidentin Federal Məclisə ənənəvi illik müraciətindən tamamilə imtina etmək variantını nəzərdən keçirir.

Minxin sözlərinə görə, mövcud müharibə şəraiti və sürətlə dəyişən şərtlər prezident müraciətlərinin əsasını təşkil edən uzandüddətli strateji planlaşdırmanı faktiki olaraq mənasız edir. O əlavə edib ki, Putin parlamentin hər iki palatası ilə onsuz da daimi təmasdadır və deputatların qəbul etdiyi heç bir qanun layihəsini rədd etməyib. Bu səbəbdən Kreml rəhbərliyi parlamentarilər qarşısında xüsusi çıxış etməyə ehtiyac görmür.

Diqqətçəkən məqam odur ki, Rusiya Konstitusiyasının 84-cü maddəsinə əsasən, prezidentin Federal Məclisə illik müraciəti onun birbaşa konstitusiya öhdəliyidir. Lakin Putin bu hüquqi normanı mütəmadi pozur. O, Ukraynaya qarşı kütləvi işğalın başladığı 2022-ci ildə və 2025-ci ildə də bu müraciəti ləğv etmişdi.

Qərarın pərdəarxası Ukrayna ordusunun dron zərbələri nəticəsində Rusiya daxilində vəziyyətin kəskin pisləşməsi və iqtisadi böhranın dərinləşməsi ilə üst-üstə düşür. VÇİOM sosioloji mərkəzinin son rəy sorğuları göstərir ki, rusiyalıların üçdə ikisi ölkə üçün ən ağır günlərin hələ qabaqda olduğunu düşünür. Bu, koronavirus pandemiyası dövründən bəri qeydə alınan ən yüksək pessimizm göstəricisidir.

Məsələni şərh edən politoloq Ruslan Aysin bildirib ki, Kremlin bu addımı prezidentin siyasi acizliyini və sistemin böhranını nümayiş etdirir: “Ənənəvi müraciət Putinin elitalarla ünsiyyət qurması və illik strateji vektoru müəyyənləşdirməsi üçün əsas mexanizm idi. Lakin bu dəfə prezidentin fundamental laraq bəyan edəcəyi heç bir müsbət tezisi yoxdur. Kreml yalnız xarici təhdidlərə və daxili problemlərə operativ reaksiya verməyə çalışır, planlaşdırma isə sıfıra enib. Müharibənin gətirdiyi fəsadlar o qədər dərin və həllolunmazdır ki, Putin zalın qarşısına çıxıb konkret nə isə vəd edə bilmir. Deyəcəyi hər bir söz ya icra olunmayacaq, ya da tamamilə puç görünəcək”.

Rasim Əliyev

“AzPolitika.info”