Azərbaycanda bank kreditlərinin regionlar üzrə bölgüsündə kəskin fərq qalmaqda davam edir.
“AzPolitika” xəbər verir ki, 2026-cı ilin ilk yarısının yekunları üzrə Azərbaycanda bankların ümumi kredit portfeli 31 milyard 821 milyon 342 min manat təşkil edib.
Kredit portfelinin regionlar üzrə bölgüsünə nəzər saldıqda, əsas vəsaitlərin paytaxtda cəmləşdiyi görünür. Bakı iqtisadi rayonunun kredit portfeli 24 milyard 267,1 milyon manat olub.
Bakıdan sonra ən böyük kredit portfeli Abşeron-Xızı iqtisadi rayonunda – 1 milyard 248,1 milyon manat təşkil edib. Daha sonra Gəncə-Daşkəsən – 961,4 milyon manat, Lənkəran-Astara – 725,8 milyon manat, Şəki-Zaqatala – 651,2 milyon manat və Mərkəzi Aran – 628,9 milyon manat gəlir. Digər tərəfdən, kredit portfelinin ən aşağı olduğu ərazilər Şərqi Zəngəzur, Dağlıq Şirvan və Mil-Muğan iqtisadi rayonlarıdır.
Bütün regionlar üzrə kredit həcmi belədir:
- Bakı şəhəri - 24 milyard 267,1 milyon manat;
- Abşeron-Xızı iqtisadi rayonu - 1 milyard 248,1 milyon manat;
- Gəncə-Daşkəsən iqtisadi rayonu - 961,4 milyon manat;
- Lənkəran-Astara iqtisadi rayonu - 725,8 milyon manat;
- Şəki-Zaqatala iqtisadi rayonu - 651,2 milyon manat;
- Mərkəzi Aran iqtisadi rayonu - 628,9 milyon manat;
- Qazax-Tovuz iqtisadi rayonu - 604,4 milyon manat;
- Qarabağ iqtisadi rayonu - 566,8 milyon manat;
- Quba-Xaçmaz iqtisadi rayonu - 539,8 milyon manat;
- Naxçıvan iqtisadi rayonu - 515,1 milyon manat;
- Şirvan-Salyan iqtisadi rayonu - 484,9 milyon manat;
- Mil-Muğan iqtisadi rayonu – 374 milyon manat;
- Dağlıq Şirvan iqtisadi rayonu - 219,4milyon manat;
- Şərqi Zəngəzur iqtisadi rayonu - 34,4 milyon manat.

Ən bahalı kredit Dağlıq Şirvanda, ən ucuz Bakıdadır
Azərbaycanda orta kredit faizinin ən yüksək olduğu iqtisadi rayon Dağlıq Şirvandır. Burada bank kreditləri üzrə orta faiz 20,64 faiz təşkil edir.Dağlıq Şirvanı Mərkəzi Aran və Qazax-Tovuz iqtisadi rayonları izləyir. Bu ərazilərdə orta kredit faizləri müvafiq olaraq 20,21 faiz və 20,01 faiz olub. Şirvan-Salyanda orta faiz 19,96 faiz, Lənkəran-Astarada 19,77 faiz, Qarabağda isə 19,74 faiz təşkil edib.
Kredit faizlərinin ən aşağı olduğu ərazi Bakı şəhəridir. Paytaxtda orta kredit faizi 12,72 faiz təşkil edir. Bakıdan sonra ən aşağı göstəricilər Şərqi Zəngəzurda – 13,62 faiz və Abşeron-Xızıda – 16,89 faiz qeydə alınıb. Digər regionlarda isə orta faiz əsasən 18-20 faiz intervalında dəyişir. Şəki-Zaqatalada 18,4 faiz, Quba-Xaçmazda 18,31 faiz, Gəncə-Daşkəsəndə 18,17 faiz, Naxçıvanda isə 15,42 faiz təşkil edir.
Bakıda əhalinin hər nəfərinə 10 min 300 manat kredit borcu düşür.
Hesablamalara görə, paytaxt Bakıda adambaşına təxminən 10 min 300 manat kredit borcu düşür. Bakıdan sonra adambaşına düşən kredit həcminə görə Gəncə-Daşkəsən iqtisadi rayonu gəlir. Burada hər nəfərə təxminən 1 602 manat, Abşeron-Xızıda adambaşına təxminən 1 418 manat kredit bocu var.
Digər regionlarda vəziyyət belədir:
- Naxçıvan - 1 091 manat;
- Şəki-Zaqatala - 1 034 manat;
- Quba-Xaçmaz - 976 manat;
- Şirvan-Salyan - 972 manat;
- Qazax-Tovuz - 889 manat;
- Mərkəzi Aran - 865 manat;
- Lənkəran-Astara - 765 manat;
- Qarabağ - 755 manat;
- Mil-Muğan - 706 manat;
- Dağlıq Şirvan - 677 manat.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər