Son dövrlər paytaxt Bakıda yerləşən bir sıra tanınmış restoran, mağaza və digər ictimai iaşə obyektlərinin naməlum səbəblərdən fəaliyyətlərini dayandırmaları müşahidə olunur.
Məsələn, 2026-cı ilin əvvəlində Bakının tanınmış restoran şəbəkələrindən biri olan “Pak Dad” fəaliyyətini dayandırıb. Şəbəkənin Koroğlu Rəhimov küçəsi, Sarayevo küçəsi, M.Qardaşları küçəsi, A.M.Şərifzadə küçəsində, eləcə də “Gənclik Mall”, “28 Mall” və “Park Bulvar”dakı filiallarının bağlandığı bildirilib.
Bakının ən çox turist və yerli sakin qəbul edən məkanlarından biri olan, şəhərin mərkəzində yerləşən Nizami küçəsində də kommersiya fəaliyyəti ilə bağlı problemlər yaşanır. Belə ki, 2026-cı ilin avqustunda “Tarqovı” kimi tanınan ərazidə bir sıra məşhur restoranlar fəaliyyətini dayandırıb. İçərişəhərdə yerləşən “Old Mangal” və “Sehirli Təndir” restoranları da oxşar problemlə üzləşiblər.
Həmçinin bu yaxınlarda məşhur ticarət mərkəzlərindən hesab olunan “Sədərək” TM-nin də qarşıdakı dönəmlərdə fəaliyyətini dayandırcağına dair bir sıra KİV-lərdə xəbərlər tirajlanıb.
Digər tərəfdən, son dövrlər müxtəlif biznes fəaliyyəti ilə diqqət çəkən gənc iş adamı İlyas Möhnətovun Bakıda fəaliyyət göstərən obyektləri də bu günlərdə bağlanıb. Məlumata görə, şəhərin mərkəzində yerləşən qadın geyimləri mağazası fəaliyyətini dayandırıb. Bununla yanaşı, iş adamının sosial şəbəkələrdə geniş tanınan “İlyasın kafesi” də bağlanıb.
Mövzu ilə bağlı “AzPolitika”ya danışan iqtisadçı Natiq Cəfərli də Bakıda obyektlərin bağlanması ilə bağlı rəsmi statistikanın olmadığını bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərində icarəyə çıxarılan obyektlərlə bağlı elanların artması müşahidə olunur.

“Əslində, bununla bağlı belə bir rəsmi məlumatlar yoxdur. Amma vizual olaraq mən də fikir vermişəm ki, şəhərin mərkəzi və mərkəzinə yaxın bölgələrində ən azından icarə elanlarının sayı artıb. Bu, təbii ki, iqtisadiyyatın daralması ilə, real gəlirlərin azalması ilə izah olunur. İnsanlar ən azından kafe və restoranlara getməkdə də qənaət eləyirlər”, - deyə iqtisadçı qeyd edib.
N. Cəfərli bildirir ki, Bakının mərkəzi hissələrində yerləşən bir sıra obyektlərin bağlanma səbəbi fərqlidir: “Ümumiyyətlə, mərkəzdə yerləşən obyektlərin icarə pulunun çox bahalı olması da buna təsir edir. Məsələn, geyim mağazaları onlayn ticarətin artması ilə birlikdə ciddi rəqabətlə üzləşiblər. Amma əsas məsələ həqiqətən də iqtisadiyyatın belə bir vəziyyətdə gözləntilərə cavab verəcək səviyyədə artmamasından qaynaqlanır ki, bu da ciddi narahatçılıq doğurur”.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-iyul aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,1 faiz artaraq 1718,8 milyon manat olub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxslərin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 853,9 milyon manat təşkil edib.
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər