Gənclərin ailə qurmasını çətinləşdirən əsas amillərdən biri toy, nişan, qızıl, cehiz və mənzil kimi xərclərin yüksək olmasıdır. Bu maddi yük bir çox gəncin ailə qurmaq planlarını təxirə salmasına və nikah yaşının yüksəlməsinə səbəb olur. Cəmiyyətin ənənəvi tələblərinin daha münasib formada yenidən nəzərdən keçirilməsi gənclərin üzərindəki maliyyə yükünü azalda bilər.
Bəs toy və nişan xərclərinin sadələşdirilməsi gənclərin daha erkən ailə qurmasına təsir göstərə bilərmi? Qızıl, cehiz və digər maddi tələblərlə bağlı ənənələr dəyişdirilməlidirmi?
Bu barədə “AzPolitika”ya açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, əslində, məsələ birbaşa cəmiyyətin mədəni səviyyəsi və insanların ailə dəyərlərinə münasibəti ilə bağlıdır.

Onun sözlərinə görə, əgər ortada qarşılıqlı niyyət, sevgi və anlayış varsa, insanların maddi dəyərlər üzərində müəyyən güzəştlərə getməməsi, hər məsələyə yalnız şəxsi maraqlar prizmasından yanaşması ciddi problemlərə səbəb ola bilər.
Millət vəkili qeyd edib ki, bu məsələyə daha çox qarşılıqlı razılaşma və anlaşma müstəvisində yanaşmaq lazımdır: “Dövlətin bu kimi şəxsi münasibətləri hansı formada tənzimləməsinin mümkün olduğu da sual doğurur. Dövlət bunu necə tənzimləyə bilər? İnsan şöhrətpərəstdirsə, dövlət onu necə tərbiyə edə və ya bu məsələdə ona hansısa istiqamət verə bilər? Ona görə də belə məsələlərin dövlət tərəfindən birbaşa tənzimlənməsi mümkün deyil”.
Fazil Mustafanın fikrincə, bu məsələlərdə müəyyən mənada insanları öz seçimləri və məsuliyyətləri ilə baş-başa buraxmaq lazımdır: “Bununla yanaşı, cəmiyyətdə maarifləndirmə və təbliğat işlərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. İnsanların ailə institutunun əhəmiyyəti, qarşılıqlı hörmət, güzəşt və məsuliyyət barədə daha düzgün təsəvvürlərinin formalaşdırılması əsas problemlərin həllinə müəyyən töhfə verə bilər”.
Deputat hesab edir ki, gənclər siyasəti ilə bağlı da müəyyən addımların atılması mümkündür: “Xüsusilə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması və onların qarşılaşdığı digər problemlərin həlli ailə qurmaq prosesinə də müsbət təsir göstərə bilər. Çünki məşğulluq və sosial təminat məsələləri həll olunmadan ailənin iqtisadi və mənəvi dayaqlarını möhkəmləndirmək də asan deyil. Bütövlükdə bu, insanlar arasında qarşılıqlı razılaşma və anlaşma məsələsidir. İnsanlar bunu nəzərə almalı, ailənin əsas dəyərini anlamalı və bu istiqamətdə bir-birinə dəstək verməlidirlər”.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər