Rusiyanın Saratov şəhərinin Oktyabrsk Rayon Məhkəməsi Kommunist Partiyasının deputatlığa namizədi Nikolay Bondarenkonu Dövlət Duması seçkilərindən kənarlaşdırıb.
“AzPolitika” xəbər verir ki, Rusiyada sosial şəbəkələrdə ən populyar kommunist hesab edilən Bondarenko ilə bağlı məhkəmənin bu qərarı müzakirələrə və siyasi qalmaqala səbəb olub.
Məhkəmənin qərarına "Nikolay Bondarenko Live" Telegram kanalında Aleksey Navalnının fotosunun yer aldığı paylaşım səbəb olub. Lakin Bondarenko bu kanalla heç bir əlaqəsinin olmadığını iddia edir.
Məhkəmə saratovlu siyasətçini "ekstremist simvollar" nümayiş etdirdiyinə görə 1000 rubl cərimələyib (Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi). Bu qərarın özü Bondarenkonu avtomatik olaraq deputatlığa namizəd kimi seçkidə iştirakını ləğv edir. Qeyd edək ki, Navalnının fotosu belə Kreml tərəfindən “ekstremist simvol” hesab olunur…
Məhkəmə səkkiz saat davam edib və bağlı qapılar arxasında keçirilib. Qərar elan edildikdən sonra Bondarenko məhkəmə binasının qarşısındakı tərəfdarlarına hökmdən apelyasiya şikayəti verəcəyini bildirib. O, prosesi seçiciləri qorxutmaq cəhdi adlandırıb.
"Bütün bunlar insanları hər hansı bir şey etməkdən, aktiv olmaqdan çəkindirmək üçün edilir", - deyə o bildirib. Bondarenkonun sözlərinə görə, apelyasiya dinləməsi on gün ərzində keçiriləcək.
Politoloqlar Bondarenko və digər kommunist namizəd Mixail Matveyevin seçkidən kənarlaşdırılmasını şərh edərkən, bunun Kommunist Partiyasının reytinqini artıra biləcəyini qeyd edirlər. Çünki etirazçı seçicilər kontingenti adətən hakimiyyət tərəfindən haqsızlığa məruz qalanları dəstəkləyirlər…
Bondarenko əvvəllər də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Kommunist Partiyası Mərkəzi Komitəsi sədrinin birinci müavini Yuri Afonin bildirib ki, qərarın səbəbi hələ 2024-cü ildə, Bondarenkoya məxsus olmayan hesabda hazırlanmış və Navalnının şəklinin yer aldığı paylaşım olub. Afonin vəziyyəti "tamamilə qəbuledilməz" adlandıraraq qeyd edib ki, Dövlət Dumasına qeydiyyatdan keçmiş namizədə qarşı inzibati ittihamlar mütləq Baş Prokurorluğun təsdiqini tələb edir. Bu isə yoxdur.
Bondarenko 2009-cu ildən Rusiya Federasiyası Kommunist Partiyasının üzvüdür, Saratov Vilayət Dumasının deputatı (2017–2022) və 2021-ci ildə Dövlət Dumasına namizəd olub. O, sosial mediada hakimiyyəti tənqid etməsi ilə tanınır. Onun "Deputatın Gündəliyi" adlı YouTube kanalındakı videoları yüz minlərlə baxış sayına malikdir. Xüsusilə Bondarenko təqaüd yaşının artırılmasına qarşı çıxıb və federal hökumət üzvlərini "fırıldaqçı" adlandırıb. O, 2021-ci ildə Navalnını dəstəkləyən mitinqdə saxlanılıb, 2022-ci ildə YouTube gəlirlərinə görə deputat mandatından məhrum edilib, 2023-cü ildə Roskomnadzor onun veb saytını bloklayıb və 2024-cü ildə “Dzen” platforması onun səhifəsinə girişi məhdudlaşdırıb.
“AzPolitika.info”

Şərhlər