Avqustun 23-də Qazaxıstanda ölkənin yeni Konstitusiyasına əsasən formalaşdırılan birpalatalı parlamentə – Qurultaya növbədənkənar seçkilər keçirilir. Bu, Qazaxıstanın 1991-ci ildə müstəqillik əldə etməsindən bəri keçirilən 10-cu parlament seçkisidir.

“AzPolitika” yerl mediaya istinadla xəbər verir ki, səsvermə saat 07:00-da başlayıb və 20:00-dək davam edəcək. Ölkə üzrə 10 min 400-dən çox, xaricdəki diplomatik korpuslarda isə 79 seçki məntəqəsi fəaliyyət göstərir.

1 iyul tarixində qüvvəyə minən yeni Konstitusiyaya əsasən, iki palatalı parlament (Məclis və Senat) ləğv edilərək 145 deputatdan ibarət birpalatalı Qurultay yaradılıb. Bütün deputatlar vahid ümummilli dairə üzrə yalnız partiya siyahıları ilə seçilirlər (müstəqil namizədlərin iştirakı nəzərdə tutulmayıb). Parlamentə daxil olmaq üçün partiyalar 5 faizlik barajı keçməlidir.

Seçki bülletenində 7 siyasi partiyanın adı və "Hamının əleyhinə" sətri yer alıb. Seçkiyə qatılan partiyalardan - Ədalət, Ümummilli Sosial-Demokrat Partiyası (JSDP), Baytaq, Qazaxıstan Xalq Partiyası (QHP), Auıl, Ağ Yol və Respublika tərəfindən 545 namizəd irəli sürülüb.

Seçki prosesini izləmək üçün 700-dən çox beynəlxalq müşahidəçi, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) missiyası akreditasiyadan keçib. ATƏT DTİHB-nin aralıq hesabatında siyasi rəqabət və müstəqil namizədlərin yoxluğu ilə bağlı məsələlərə toxunulsa da, rəsmi Astana seçkilərin açıq, rəqabətli və şəffaf mühitdə keçdiyini bəyan edib.

Prezident Qasım-Jomart Tokayev səsvermə ilə bağlı çıxışında bu seçki kampaniyasını ölkə tarixinin "ən maraqlı və məzmunlu" kampaniyası kimi qiymətləndirib.

Seçkilərin ilkin nəticələrinin yaxın günlərdə açıqlanması gözlənilir. Seçki qanunvericiliyinə əsasən, Mərkəzi Seçki Komissiyası yekun nəticələri 10 gün müddətində təsdiq etməlidir.

Rasim

“AzPolitika.info”