Kredit ödənişlərində çətinlik yaşayan vətəndaşlar üçün müddətin uzadılması aylıq maliyyə yükünü azaltmaq baxımından çıxış yolu ola bilər. Xüsusilə qısa müddətli kreditlərin daha uzun müddətə bölünməsi borcalanın ödəniş imkanlarını müəyyən qədər yüngülləşdirə bilər. Lakin kredit müddətinin uzadılması hər bir müştəri üçün eyni şərtlərlə tətbiq olunmur və əlavə faiz və digər ödənişlərə səbəb ola bilər.
Kredit müddətinin uzadılması hansı hallarda və kimlər üçün mümkündür? Bu imkanın tətbiqi üçün banklar hansı meyarları nəzərə alır?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki,kredit ödənişlərində çətinlik yaşayan vətəndaşlar üçün kredit müddətinin uzadılması aylıq maliyyə yükünün azaldılması baxımından mümkün həll yollarından biri ola bilər.

Onun sözlərinə görə, xüsusilə qısa müddətli kreditlərin daha uzun müddətə bölünməsi aylıq ödəniş məbləğini aşağı salaraq borcalanın ödəniş imkanlarını müəyyən qədər yüngülləşdirə bilər. Bununla belə, bu imkan bütün müştərilər üçün avtomatik və eyni şərtlərlə tətbiq edilmir: “Kredit müddətinin uzadılması əsasən maliyyə çətinliyi yaranmış, lakin yeni ödəniş qrafiki əsasında borcunu qaytara biləcək müştərilər üçün nəzərdən keçirilə bilər. Kredit ödənişlərinin çətinləşməsi, gəlirin azalması və ya digər maliyyə səbəbləri belə müraciət üçün əsas ola bilər. Yekun qərar isə bank tərəfindən hər bir müştərinin vəziyyəti ayrıca qiymətləndirildikdən sonra qəbul edilir. Bu zaman bank borcalanın yeni şərtlərlə krediti ödəmək imkanına, gəlirinin məbləği və mənbəyinə, mövcud kredit və digər borc öhdəliklərinə, əvvəlki ödəniş intizamına və ümumi maliyyə vəziyyətinə baxa bilər”.
Ekspert qeyd edib ki, kredit təminatla verilibsə, təminatın vəziyyəti və dəyəri də nəzərə alına bilər: “Əsas məqsəd müddətin uzadılmasından sonra formalaşacaq yeni ödəniş qrafikinin müştəri üçün real və davamlı olub-olmadığını müəyyən etməkdir. Məsələn, vətəndaşın 12 aylıq kredit üzrə aylıq ödənişi 500 manatdır və gəlirinin azalması səbəbindən bu məbləği ödəməkdə çətinlik çəkir. Bank onun müraciətini və maliyyə vəziyyətini uyğun hesab edərsə, kreditin müddətini 24 aya qədər uzada bilər. Bu halda aylıq ödəniş əvvəlki məbləğdən daha aşağı ola və borcalanın aylıq maliyyə yükünü azalda bilər. Lakin kredit daha uzun müddətə yayıldığı üçün ümumi faiz ödənişi arta bilər. Bundan başqa, restrukturizasiyanın şərtlərindən asılı olaraq digər ödənişlər də nəzərdə tutula bilər. Buna görə vətəndaş yeni qrafik üzrə yalnız aylıq ödənişə deyil, kreditin ümumilikdə neçəyə başa gələcəyinə də diqqət yetirməlidir”.
E.Quliyev əlavə edib ki, bu baxımdan, kredit ödənişində çətinlik yaranan şəxslərin gecikmələr artdıqdan sonra deyil, problem yarandığı ilk mərhələdə banka müraciət etməsi daha məqsədəuyğundur: “Bankla əlaqə saxlayaraq mövcud maliyyə vəziyyətini izah etmək və kredit müddətinin uzadılması və ya digər restrukturizasiya imkanlarını müzakirə etmək mümkündür. Nəticədə belə imkanın təqdim olunub-olunmaması və yeni şərtlər konkret müştərinin maliyyə vəziyyətindən, kredit tarixçəsindən və bankın qiymətləndirməsindən asılı olaraq müəyyən edilir”.
Oğuz Ayvaz
Elnur Quliyev

Şərhlər